Fastfudun istehlakı üçün hamı üçün keçərli olan təhlükəsiz tezlik yoxdur. Çünki sağlamlıq riskləri seçilən məhsuldan, onun miqdarından və ümumi qidalanma rasionundan asılıdır.
Dietoloq Maryana Cutova bu barədə “Lenta.ru”ya danışıb.
Mütəxəssis bildirib ki, fastfud və yüksək dərəcədə emal olunmuş məhsulları yalnız arabir qəbul etmək daha yaxşıdır. Əgər bu qidalar müntəzəm olaraq tərəvəzləri, meyvələri, paxlalıları, tam taxılları, balığı, yumurtanı, əti və süd məhsullarını əvəz edirsə, qidalanmanın keyfiyyəti pisləşir.
Dietoloq yarımfabrikatların tərkibinə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, dondurulmuş tərəvəzlər və adi balıq sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin tərkibində həddindən artıq duz, doymuş yağlar, əlavə şəkər və kalori olan, qida dəyəri isə aşağı olan məhsullar sağlamlığa zərər verə bilər.
Bununla belə, fastfudu qidalanmadan tamamilə çıxarmağa ehtiyac yoxdur. Ekspertin fikrincə, pizza, burger və ya hazır düşbərə yedikdən sonra ən doğru addım adi qidalanma rejiminə qayıtmaqdır. Özünü ac saxlamaq, detoks etmək və ya yediyi yeməyi idmanla “kompensasiya etməyə” çalışmaq düzgün yanaşma deyil.
