ABŞ hakimiyyəti İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat təklif edib.
Azpost.info bildirir ki, bu barədə ABŞ hökumətinin “Rewards for Justice” proqramının rəsmi saytında məlumat yerləşdirilib.
Mükafat İranın nüvə proqramına aid obyektlər, avadanlıqlar, nüvə materiallarının daşınması və proqramda iştirak edən şəxslər haqqında məlumat verənlərə şamil olunur. Elanın şərtlərinə əsasən, müvafiq məlumatları təqdim edən şəxslərin başqa yerə köçürülməsi də nəzərdə tutulur.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki hərbi əməliyyatlarına cavabdeh olan Mərkəzi Komandanlığı (CENTCOM) da cümə günü bu mükafat barədə məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq ölkəyə qarşı müharibənin əsas məqsədlərindən biridir.
2025-ci ilin iyununda Ağ Ev ABŞ-ın zərbələri nəticəsində İrandakı bir neçə nüvə obyektinin tamamilə məhv edildiyini açıqlamışdı. Lakin sonradan bəzi ekspertlər Tehranın nüvə materiallarının ən azı bir hissəsini hücumlardan əvvəl təhlükəsiz yerə köçürmüş ola biləcəyini ehtimal ediblər.
