Pnevmoniya yalnız bakteriyalar səbəbindən yaranmır. Xəstəliyin törədiciləri viruslar, göbələklər və ibtidai mikroorqanizmlər də ola bilər. Üstəlik, pnevmoniya hər zaman aşkar simptomlarla müşayiət olunmur.
Bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin Pulmonologiya Elmi-Tədqiqat İnstitutunun və Seçenov Universitetinin mütəxəssisləri Ümumdünya Pnevmoniya ilə Mübarizə Günü münasibətilə Birinci Kanalın materialında məlumat veriblər.
Bu barədə “1tv.ru” saytı yazıb.
Mütəxəssislərin sözlərinə görə, döş qəfəsində ağrı, yüksək hərarət və təngnəfəslik kimi əlamətlər hər zaman birlikdə müşahidə edilmir. Buna görə də xəstəliyin diaqnozunu yalnız simptomlara əsasən müəyyənləşdirmək mümkün deyil. Bunun üçün tibbi müayinə və müvafiq müayinələr lazımdır.
Həkimlər pnevmoniyanın mütləq antibiotiklərlə müalicə olunması fikrinin də yanlış olduğunu bildiriblər. Antibiotiklər bakteriyalara qarşı təsir göstərir. İltihabın səbəbi virus və ya başqa mikroorqanizmlər olduqda isə fərqli müalicə üsulları tələb olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, müalicə üsulunu özbaşına seçmək vaxt itkisinə səbəb ola bilər. Buna görə də xəstəliyin əlamətləri yarandıqda həkimə müraciət etmək vacibdir.
Seçenov Universitetinin mütəxəssisləri pnevmoniya zamanı ciddi yataq rejiminin də hər zaman zəruri olmadığını qeyd ediblər. Onların izahına görə, əzələlərin fəaliyyəti orqanizmin oksigenə tələbatını artırır və ağciyərlərin ventilyasiyasını stimullaşdırır.
Xəstəlikdən sağaldıqdan sonra isə fiziki aktivliyə tədricən qayıtmaq tövsiyə olunur. Mütəxəssislər gündə 20-30 dəqiqə gəzməyi, lakin ağır fiziki yüklənmələrdən çəkinməyi məsləhət görürlər.
N.Talıblı
