Yeni araşdırmaya görə, parklara müntəzəm baş çəkmək uşaqların psixi sağlamlığına və böyüdükcə sosial bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər.
Azpost.info bildirir ki, tədqiqatçılar müəyyən ediblər ki, doğulduğu gündən 11 yaşınadək həftədə ən azı bir dəfə parka aparılan uşaqların psixi sağlamlıq göstəriciləri həmin müddətdə həftədə bir dəfədən az parka gedən uşaqlarla müqayisədə orta hesabla 16,5 faiz yüksək olub. Sosial-iqtisadi vəziyyət və ailə problemləri nəzərə alındıqdan sonra da bu təsir özünü göstərib.
Böyük Britaniyanın Ekseter Universitetindən olan tədqiqatın aparıcı müəllifi Mark Ferqyuson bildirib ki, parklar uşaqlara fiziki aktivlik üçün şərait yaradır. Məlum olduğu kimi, fiziki aktivlik həm psixi, həm də fiziki sağlamlığı dəstəkləyir. Parklarda sərbəst və yaradıcı oyunlar isə uşaqlarda özünəinamın və müstəqilliyin inkişafına kömək edir.
“Biz hesab edirik ki, parklar yalnız oyun məkanı deyil, həm də uşaqların sağlam inkişafı üçün mühüm resurs ola bilər”, – deyə alim əlavə edib.
“Epidemiology and Community Health” jurnalında dərc olunan araşdırmaya 4219 nəfər cəlb edilib. Tədqiqat uşaqların sosial-emosional inkişafına yönəlib. Bu anlayışa uşaqların hisslərini idarə etməsi, münasibətlər qurması, uyğun davranış nümayiş etdirməsi və gündəlik çətinliklərin öhdəsindən gəlməsi üçün zəruri olan bacarıqlar daxildir.
Müəlliflər qeyd ediblər ki, güclü sosial-emosional inkişaf uşaqlıq dövründə və sonrakı həyatda yaxşı psixi sağlamlığın mühüm təməlidir.
Araşdırma göstərib ki, uşaqlar parklara daha çox getdikləri dövrlərdə, bir qayda olaraq, sosial-emosional inkişaf baxımından daha yüksək nəticələr nümayiş etdiriblər. Ümumilikdə parklara müntəzəm gedən uşaqların vəziyyəti də ora daha az baş çəkənlərlə müqayisədə yaxşı olub.
Parklara getmək həm daxilə yönəlmiş davranış problemlərinin, o cümlədən emosional simptomların və yaşıdlarla münasibətlərdə çətinliklərin, həm də xaricə yönəlmiş davranış problemlərinin azalması ilə əlaqələndirilib. Sonunculara davranış pozuntuları, hiperaktivlik və diqqətsizlik daxildir.
Tədqiqatçılar ailələrin sosial vəziyyətinin parklara getmə tezliyinə və uşaqların sosial-emosional inkişafına təsirini də araşdırıblar. Məlum olub ki, daha imkanlı ərazilərdə yaşayan uşaqlar erkən yaşlarda parklara daha çox gedirlər. Maddi imkanları məhdud ailələrin uşaqları isə, bir qayda olaraq, böyüdükcə parklara daha tez-tez baş çəkirlər.
Euronews-un məlumatına görə, araşdırma parkların və uşaq meydançalarının uşaqların inkişafındakı bərabərsizliyi azaltmağa kömək edə biləcəyini göstərir. Lakin bunun üçün həmin məkanlardan bütün ailələrin rahat istifadə etməsi mümkün olmalıdır.
Mark Ferqyuson vurğulayıb ki, parkların fayda verməsi üçün icmalara keyfiyyətli, təhlükəsiz, əlçatan və müxtəlif sosial mənşəli ailələr üçün açıq olan istirahət məkanları lazımdır.
Parklar pulsuz və hər kəs üçün əlçatan olduğundan, onlar “bərabərləşdirici təsir” göstərə bilər. Bu termin müəyyən fiziki və ya sosial şəraitin, xüsusilə yaşıllıq ərazilərinin, müxtəlif sosial-iqtisadi qruplar arasında sağlamlıq, psixoloji rifah və təhsil sahəsindəki fərqləri azaltmaq gücünü ifadə edir.
Sunay Aydın
