“Gününə sol ayaqla başlamaq” ifadəsinin elmi əsası var. Belə ki, yuxudan oyandıqdan sonrakı ilk dəqiqələri necə keçirməyimiz bütün günün ritmini müəyyənləşdirir və stress hormonu olan kortizolun səviyyəsinə təsir göstərir.
Psixoterapevtlər səhərlər insan orqanizmində hiss olunmadan narahatlıq reaksiyasını işə salan üç geniş yayılmış vərdişi açıqlayıb və onlardan necə imtina etməyin yollarını izah ediblər.
Bu barədə “Real Simple” nəşri məlumat yayıb.
Səhərlər stressi artıran 3 vərdiş
Mayamidə fəaliyyət göstərən lisenziyalı psixi sağlamlıq məsləhətçisi, doktor Mindi DeSeta və Feniksdən olan ailə psixoterapevti Kristin Hetueyin sözlərinə görə, səhər kortizolunun kəskin yüksəlməsinin qarşısını almaq üçün üç avtomatik vərdişdən imtina etmək lazımdır.
1. Yuxudan oyanan kimi telefonu yoxlamaq
Gözünü açan kimi smartfona uzanaraq iş elektron poçtunu, mesajları və ya xəbər lentini yoxlamaq sinir sistemini dərhal stress və məcburi reaksiya rejiminə keçirir. Mindi DeSeta beyinə informasiya səs-küyü olmadan sakit şəkildə oyanmaq imkanı vermək üçün telefon ekranına baxmağı ən azı 30 dəqiqə təxirə salmağı tövsiyə edir.
Mütəxəssis bu vərdişdən uzaq durmaq üçün telefonu başqa otaqda enerji yığmağa qoymağı və adi zəngli saatdan istifadə etməyi məsləhət görür.
2. Səhər üçün müəyyən edilmiş rejimin olmaması
Hər səhər yeməyə nə hazırlamaq, duş qəbul etməyə vaxtın çatıb-çatmayacağı və hansı paltarı geyinmək kimi xırda, lakin təcili qərarların ard-arda verilməsi beyində ciddi informasiya və düşüncə yüklənməsi yaradır. Kristin Hetueyin sözlərinə görə, bu vəziyyət diqqətin dağılmasına, səhər yeməyinin buraxılmasına və tələskənliyə səbəb olur.
Psixoterapevt hər gün təkrarlanan sadə səhər rejimi qurmağı və bəzi işləri axşamdan həll etməyi tövsiyə edir. Məsələn, geyinəcəyiniz paltarı və səhər yeməyi üçün lazım olan məhsulları əvvəlcədən hazırlamaq olar. Həmçinin gözlənilməz hallar üçün vaxt ehtiyatı saxlamaq vacibdir.
3. Zəngli saatı dəfələrlə təxirə salmaq
“Daha beş dəqiqə yatım” düşüncəsi ilə zəngli saatı təkrar-təkrar söndürmək orqanizmin tam istirahət etməsinə imkan vermir. Əksinə, yorğunluğu artırır və səhər hazırlaşmaq üçün ayrılan vaxtı azaldır. Bu isə gecikmək təhlükəsi ilə bağlı təşvişə və kortizolun kəskin yüksəlməsinə səbəb ola bilər. Mindi DeSeta zəngli saatı üç dəfə təxirə salmaq əvəzinə, onu real oyanma vaxtına qurmağı və yataqdan qalxmaq üçün saatı otağın digər başında yerləşdirməyi məsləhət görür.
Bundan əlavə, gecə 7-8 saat yatmaq üçün vaxtında yatmağa çalışmaq lazımdır.
Sunay Aydın
