“ABŞ azərbaycanlıların ali təhsil üçün seçdiyi ilk təyinat nöqtələrindəndir”.
Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ABŞ səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə orta məktəb və universitet tələbləri üçün təşkil olunan təhsil sərgisində deyib.
ABŞ-ın müvəqqəti işlər vəkili bildirib ki, ali təhsil planlaması mürəkkəb və həlledicidir:
“ABŞ-da 5000-dən artıq kollec və universitet var və ümid edirəm ki, bu təhsil sərgisi sizə övladınıza uyğun proqramı, universiteti seçməyə imkan verəcək. Bu il ABŞ-da 1 milyondan çox əcnəbi tələbə təhsil alıb. Azərbaycanlılar da təhsil üçün ilk təyinat yeri olaraq ABŞ-ı seçir. 2023-cü ildə 900-dən çox azərbaycanlı tələbə ABŞ-da təhsil almağa başlayıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Bir çox tələbə ABŞ universitetlərini seçir, çünki ABŞ təhsildə liderdir”, o vurğulayıb.
O bildirib ki, artan rəqəmlər azərbaycanlıların ABŞ-da təhsilə güclü marağının olduğunun göstəricisidir:
“Biz ABŞ-a təhsil almağa gələn hər kəsi dəstəkləyirik. ABŞ universistetləri, media, hüquq, idarəçilik və digər sahələrdə də ən yaxşı proqramları təqdim edir, bu sahələrdə təhsil almaq istəyən hər kəsə ABŞ universitetlərini tövsiyə edirik”.
Qeyd edək ki, sərgidə iştirakçılara ABŞ-a təhsil vizası ilə bağlı da ətraflı məlumat verilib(apa).