ABŞ Azərbaycandakı dini həmrəylikdən niyə narahatdır?

 ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, Dövlət katibi Antoni Blinken yanvarın 4-də yaydığı bəyanatda Azərbaycanın din azadlığının pozulmasına görə “Xüsusi nəzarət siyahısı”na əlavə edildiyini bəyan edib.

Azərbaycanın dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salınması ölkəmizdə narazılıqla qarşılanıb.

Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə müraciətində Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını qeyd edib, birgə yaşayış mühitinin qorunub saxlanılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyib.

Azərbaycanda dini konfessiya rəhbərləri ABŞ Dövlət Departamentinə ünvanladıqları müraciətdə bu qərarı “qərəzli yanaşma” adlandırıblar.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Bəyanatda qeyd olunur ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyil: “Hesabatdakı iddiaların əksinə, Azərbaycan dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən biz cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik”.

“ABŞ dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir”-deyə bəyanatda deyilir.

Dini cma rəhbərləri hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı iddiaları “əsassız”, qeyri-etik və təxribat hesab adlandırıblar.

Sənədin qərəzli olması açıq-aşkar göz önündədir.

Azərbaycanda tolerantlıq mühitinin dünyanın aparıcı dövlətləri və nufuzlu təşkilatları tərəfindən etiraf edildiyi bir zamanda ABŞ-ın belə “əlahiddə” mövqeyi əcaibdir.

Görünür, bu qərar daha uzağa gedən məkrli niyyət daşıyır.

Halbuki, ABŞ-ın 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət mesajlar göstərilmişdi.

ABŞ Dövlət Departamenti öz hesabatına erməni vandalizm faktlarnı etiraf etmişdi. Sənəddə AŞPA-nın “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsinə istinadən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar da əksini tapmışdı.

Vurğulanmışdı ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb.

ABŞ-ın hesabatda bildirilib ki, işğaldan azad edilmiş ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

İndi isə Azərbaycanı erməni mədəni irsinə qarşı necə ittiham etmək olar?

Bir il sonra ölkəmizi qəribə bir şəkildə  hansısa şübhəli izləmə siyahısına salmaq necə izah oluna bilər?

Belə görünür Azərbaycanın Qarabağ problemini uğurla və kökündən həll etməsi, bayrağımızın Xankəndində ucaldılması bir sıra dairələri ciddi narahat edib.

Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəylik, dözümlülükdür. Ölkəmizin min illik tarixinə söykənən bu tolerantlıq prinsipləri bütün dünya üçün bir nümunə sayılır və daim tədir edilib.

Qarabağda və Azərbaycanın nəzarətində olan qonşu ərazilərdə dini və mədəni irs obyektlərinin qorumağa çağırış isə yersizdir.

Bu çağırış ilk növbədə Ermənistana edilməli idi. Vətən müharibəsindən sonra Azərbaycan böyük bir xarabalıqla üz-üzə qalıb. Vəhşi qonşularımız torpaqlarımızı işğal altında saxladıqları 30 ildə bütöv rayonları, şəhərləri, kəndləri, mədəni abidələri, məscidləri, kilsələri yerlə-yeksan ediblər.

Min illik tolerantlıq ənənlərini daşıyan Azərbaycanda müxtəlif xalqlara, dinlərə mənsub abidələr göz bəbəyi kimi qorunub.  Bu platformanın bərqərar olunmasında, dövlət siyasətinə dəstəkdə Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri az olmayıb.

QMİ sədrinin iştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanda tolerantlıq siyasəti ən yüksək səviyyədə dəstəklənir və nümunə olaraq göstərilir.

Avropa Şurası Baş katibinin müavini Byorn Berq ötən il QMİ sədrinə ünvanladığı məktubda dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitinə görə təşəkkür etmişdi.

Dünya katoliklərinin dini lideri, Roma Papası Fransisk Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni Vatikanda qəbul edərkən Azərbaycanı “dinlərin ahəng içində olduğu” ölkə adlandırıb və bunun canlı şahidi olduğunu etiraf edib. Roma Papası müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların birgə yaşamanı “təqdirəlayiq hal” kimi qeyd edib.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salam isə ölkəmizi “tolerant ənənələr ölkəsi” adlandırıb.

Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Şeyxülislamla görüşdə Azərbaycanda pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür edib, dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirib.

Azərbaycanın etibarlı mühüm platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı, MDB Dinlərarası Şura, BMT-nın Sivilizasiyalar Alyansı-bütün bu platformalarda Azərbaycanın multkultural prinsipləri birmənalı dəstəklənib.

Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın mulkultural sisteminə dəstək verən daha bir mötəbər müstəvidir.

Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb.

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra bu ölkələr arasında mənəvi birliyin qurulmasında dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini əhatə edəcək qurum mühüm əhəmiyyət daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 70 illik yubileyi münasbəti ilə Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı təbrikində onun dinlərarası dialoqun genişlənməsində çox böyük əməyi olduğunu vurğulamışdı.

Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb. Azərbaycanın dini tolerantlığı süni və inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixə söykənən fudamenti var.

Dünya Azərbaycanın malik olduğu bu qiymətli sərvəti –tolerantlıq, mədəni əməkdaşlıq və həmrəylik tablosunu qəbul edir və dəstəkləyir.  Belə hesabatlarda yer alan qərəzli iddilar bu imicə heç bir kölgə sala bilməz.

Aydın ABBASOV

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.