ABŞ-ın qərəzli hesabatına qərəzsiz baxış –Tolerantlığımızı kimlər etiraf edib?

ABŞ Dini Azadlıqlar Komissiyasının 2022-ci il üçün İllik hesabatında Azərbaycanla bağlı vəziyyət də yer alıb.

Ölkəmizlə bağlı duruma subyektiv mövqe sərgiləyən bu hesabatda bir sıra məqamlarda qərəz, faktları gerçək vəziyyətin imkan verdiyi dairədən uzaq olan yozumlar əks olunub.

ABŞ-ın hesabatında qeyd olunur ki, Azərbaycanda “Dini etiqad haqqında” qanun dini icmaların fəaliyyətlə qanuni məşğul olmaq üçün qeydiyyatdan keçməsini, dini ədəbiyyat və materialların dövlət tərəfindən nəzərdən keçirilməsini və təsdiqlənməsini tələb edir və din və inanc azadlığına bir çox məhdudiyyətlər qoyur.

Daha sonra vurğulanır ki Dini etqad haqqında qanuna dəyişiklik edilərək imamların təyin edilməsi səlahiyətləri Qafqaz Müsəlmanları İdarəsindən alınaraq  Dini Komitəyə ötürülüb.

ABŞ hesab edir ki, bu da islam təcrübəsi üzərində dövlət nəzarətini daha da gücləndirib.

Hesabatda deyilir ki, ilin əvvəlindən qanunverici orqan müsəlmanlar üzərində nəzarəti gücləndirib və tarixən ölkədə islami fəaliyyətə nəzarət edən QMİ-nin rolunu azaldıb.

Eyni qaydada hökumət QMİ-ni məscidləri qeydiyyata almaq hüququnu ləğv edib və dini qurumlara ianələrə dövlət nəzarətinə icazə verib.

Daha sonra iddia olunur ki, İl ərzində hökumət heç bir qeyri-müsəlman dini icmasını qeydiyyata almayıb.  Nəticədə protestant, xrisitan və Yahova Şahidlərinin bəzi icmaları qeydiyata alınmadığına görə fəaliyyət göstərə bilmirlər.

Bundan sonra daha bir absurd iddia yer alır: Guya beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda və Azərbaycanın nəzarətində olan qonşu ərazilərdə dini və mədəni irs obyektlərinin qorumağa hazır olduqlarına şübhə ilə yanaşmaqda davam ediblər.

Hesabatda ABŞ Hökumətinə Tövsiyələrdə qeyd edilir ki, beynəlxalq Dini etiqad azadlığı haqqında qanuna uyğun olaraq dini etiqad azadlığının ciddi şəkildə pozuntularında iştirakına görə Azərbaycanı xüsusi yoxlama siyahısına daxil edilməlidir.

Hesabatı oxuduqca müəlliflərin bilərəkdən bir sıra ciddi məqamları gözardı etdiklərinin şahidi oluruq.

İlk növbədə onu demək lazımdır ki, bu hesabat Azərbaycan hakimiyyətinin ölkədə dini siyasətinin diskreditə edilməsinə yönəlib. Digər tərəfdən isə Azərbaycanda dini vəziyyət, tolerantlıq və dözümlülük haqqında mötəbər qurumların bəyanatları ilə daban-dabana ziddiyyət təşkil edir.

Məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəylik, dözümlülükdür. Ölkəmizin min illik tarixinə söykənən bu tolerantlıq prinsipləri bütün dünya üçün bir nümunə sayılır və daim tədir edilib.

Ölkədə QMİ və Dini Məsələlər Üzrə Dövlət Komitəsi dövlətin bu siyasətinin ardıcıl təbliğatçıları olmaqla qarşılıqlı əməkdaşlıq çərçivəsində yönətimin inzibati və mənəvi yükünü daşıyırlar.

Elə hesabatda adı çəkilən qanuna dəyişiklər bu sahədə tələb olunan dünyəvi işləri QMİ ilə birgə hüquqi müstəvidə təşkil edir. Bununla dini cameənin idarəçilik qaydalarında dövlətin yerini müəyyən edir.

Əgər QMİ dindarların mənəvi güc platforması kimi çıxış edirsə, Dini Komitə “dünya işlərini” qaydaya qoymaqda öz töhfəsini verir. Son nəticədə çox həssas məsələ olan dini müstəviyə kənar təsirlərin, məkrli niyyətləri olanların müdaxilə imkanları azalır.

Odur ki, hesabatda incə yolla bu iki qurumu qarşı-qarşıya qoymaq cəhdləri aydın sezilir və heç də xoş niyyət daşımır.

Dini icmaların qeydə alınmaması barədə iddia isə tam qərəzlidir və heç bir əsası yoxdur. Ölkəmizdə istər islam dininə aid, istərsə də xristian dininə aid dini icmalar rəsmən qeydə alınıblar və heç bir problem olmadan fəaliyyət göstərirlər. Elə hesabatda bu etiraf olunur. O ki, qaldı xristian dünyası üçün də qeyri-ənənəvi sayılan təriqət və icmalara, onların qeydiyyatı ilə bağlı qərar vermək dövlətin hüququdur və burada nüansları nəzərə almaq mühümdür. Hesabatda deyildiyi kimi əhalisinin 96 faizi müsəlman olan bir ölkədə xristianlığın iki əsas kilsəsi bərabər şəkildə təmsil olunurlar. Belə olan tərzdə müsəlman əhalisi üçün anlaşılmaz olan qeyri-ənənəvi xrisitan təriqətlərinin fəaliyyəti xüsusi yanaşma tələb edir.

Qarabağda və Azərbaycanın nəzarətində olan qonşu ərazilərdə dini və mədəni irs obyektlərinin qorumağa çağırış isə yersizdir.

İlk olaraq qeyd etmək lazımdır ki, hesabatda “Dağlıq Qarabağ” kimi qeyd olunan ərazi vahidi yoxdur. Hesabatı hazırlayan rəsmilər bu məqama xüsusi diqqət yetirməli idilər.

İkincisi, dini abidələri qorumağa gəlincə, bu çağırış ilk növbədə Ermənistana edilməli idi. Vətən müharibəsindən sonra Azərbaycan böyük bir xarabalıqla üz-üzə qalıb. Vəhşi qonşularımız torpaqlarımızı işğal altında saxladıqları 30 ildə bütöv rayonları, şəhərləri, kəndləri, mədəni abidələri, məscidləri, kilsələri yerlə-yeksan ediblər.

Prezident İlham Əliyev xalqa müraciətində bu vəhşliyə toxunaraq erməni yalanlarına dəstək verməyə cəhd edən ölkələrə öz mesajını da çatdırıb: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb”.

Şeyxülislamın və Azərbaycanda dini konfessiya rəhbərlərinin birgə bəyanatında bu vandalizm kəskin şəkildə pislənib.

ABŞ bununla bağlı İrəvana sorğu ünvanalasa daha ədalətli olar.

Ötən il ABŞ Dövlət Departamenti öz hesabatına bu vandalizm faktlarnı etiraf etmişdi. Sənəddə AŞPA-nın “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsinə istinadən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar da əksini tapıb.

Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub. Vurğulanıb ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb.

Ötən ilki hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

Azərbaycana gəlincə, min illik tolerantlıq ənənlərini daşıyan bu ölkədə müxtəlif xalqlara, dinlərə mənsub abidələr göz bəbəyi kimi qorunub. İmanından asılı olmayaraq bütün ibadət yerləri Azərbaycan üçün onun multkultural sərvətinin bir nişanəsidir.

Bu platformanın bərqərar olunmasında, dövlət siyasətinə dəstəkdə hesabatda adı çəkilən Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri az olmayıb.  Bütün Qafqazın Şeyxinin regional və beynəlxalq platformalarda ölkəmizdə dini zəmində həmrəyliyi haqqında bəyanatları əməli fəaliyyət üzərində dayanır.

QMİ sədrinin iştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanda tolerantlıq siyasəti ən yüksək səviyyədə dəstəklənir və nümunə olaraq göstərilir.

Avropa Şurası Baş katibinin müavini Byorn Berq ötən il QMİ sədrinə ünvanladığı məktubda dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitinə görə təşəkkür etmiş və “Bakı prosesi”nə fəal töhfəsini yüksək qiymətləndirmişdi.

Dünya katoliklərinin dini lideri, Roma Papası Fransisk Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni Vatikanda qəbul edərkən deyib: “Bakıya səfərim zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunu canlı şəkildə gördüm. Müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların sizin ölkədə birgə yaşaması təqdirəlayiq haldır. Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dialoq yüksək səviyyədədir”.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salam isə ölkəmizi “tolerant ənənələr ölkəsi” adlandıraraq Azərbaycan dövlətinin dünyada insan həmrəyliyi yönündə sülhpərvər səylərini xüsusi qeyd edib.

Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Şeyxülislamla görüşdə Azərbaycanda pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür edib.

Rusiyanın Azərbaycanda səfiri Boçarnikov Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirib.

QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda belə postun sahibinə çevrilməsi Azərbaycana olan etimadın və dəstəyin bir ifadəsidir. Şeyxülislamın tutduğu MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postu da postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.

Azərbaycanın etibarlı mühüm platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatı, MDB Dinlərarası Şura, BMT-nın Sivilizasiyalar Alyansı-bütün bu platformalarda Azərbaycanın multkultural prinsipləri birmənalı dəstəklənib.

Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın mulkultural sisteminə dəstək verən daha bir mötəbər müstəvidir.

Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb.

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra bu ölkələr arasında mənəvi birliyin qurulmasında dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini əhatə edəcək qurum mühüm əhəmiyyət daşıyır.

Türkiyə ilə sıx münasibətlər son 30 ildə QMİ üçün prioritet xətt olub. Müxtəlif beynəlxalq tədbirlərdə birgə çıxış edən Türkiyə və Azərbaycan milli və dini birlik mesajları ilə dünyaya səsləniblər.

Şeyxülislam daima iki qardaş dövlət arasında mənəvi bağların möhkəmləndirilməsi üçün çalışıb və ən yüksək səviyyədə dəstəklənib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 70 illik yubileyi münasbəti ilə Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı təbrikində onun dinlərarası dialoqun genişlənməsində çox böyük əməyi olduğunu vurğulamışdı. “Fəaliyyətə başladığınız andan bu günə qədər bölgənin bütövlüyünə dəstək vermisiniz. Sizin dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz var. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifənin öhdəsindən bacarıqla gəldiyiniz üçün sizi təbrik edirəm”-deyə Ərdoğan yazmışdı.

Ölkəmizdə yaşayan müxtəlif dini konfessiyaların əməkdalıq masası səmavi dinləri təmsil edənlərin vahid mövqeyini ifadə edir. Dünya Azərbaycanın malik olduğu bu qiymətli sərvəti –tolerantlıq, mədəni əməkdaşlıq və həmrəylik tablosunu qəbul edir və dəstəkləyir.  Belə hesabatlarda yer alan qərəzli iddilar bu tabloya heç bir halda kölgə sala bilməz.

Aydın ABBASOV

 

 

 

 

Əvvəlki məqalə

Maşınla vurulan piyada təcili yardım xərəyindən düşərək ölüb

Sonrakı məqalə

Şotlandiyanın keçmiş birinci naziri sərbəst buraxılıb