ABŞ Prezidenti Donald Trampın silah çatışmazlığı olmadığını bəyan etməsinə baxmayaraq, Vaşinqton pərdəarxasında Yaxın Şərqdəki strategiyasına yenidən baxmağa məcbur olub.
The Wall Street Journal və Axios nəşrlərinin məlumatına görə, ABŞ administrasiyası İrana qarşı hazırlanan genişmiqyaslı hərbi əməliyyatı təxirə salaraq diplomatiyaya növbəti şans vermək qərarına gəlib. Bunun əsas səbəbi Pentaqonun zenit-raket ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı narahatlığıdır.
Patriot raketləri azalır
Məlumata görə, ABŞ hərbi rəhbərliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda hava hücumundan müdafiə sistemlərinin zəiflədiyini etiraf edir. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evə bildirib ki, “Patriot” və digər hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının sürətlə azalması ABŞ hərbçiləri üçün ciddi risk yaradır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına əsasən, hazırkı münaqişə başlayandan bəri azı 1500 “Patriot” raketi istifadə olunub. Nəticədə ABŞ-ın sərəncamında 1000-dən az raket qalıb.
Analitiklər hesab edirlər ki, İran istiqamətində yüksək dəqiqlikli silahların intensiv istifadəsi ABŞ-ın Asiya-Sakit okean regionunda Çinə qarşı çəkindirmə imkanlarını da zəiflədir.
ABŞ ordusunda fikir ayrılığı var
Bununla belə, ABŞ hərbi rəhbərliyi daxilində məsələyə münasibət birmənalı deyil.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper raket ehtiyatlarının kritik səviyyədə olmadığını düşünür. Onun fikrincə, preventiv və kütləvi zərbələr İranın raket buraxılış qurğularını qısa müddətdə sıradan çıxarmağa imkan verə bilər. Lakin Axios yazır ki, əvvəlki hücumlar artıq əsas məqsədinə çatıb və Tehranın dəniz nəqliyyatına təhlükə yaratmaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.
Tramp: Silahımız kifayət qədərdir
Donald Tramp The Wall Street Journal nəşrinə açıqlamasında ABŞ-ın silah ehtiyatlarının kifayət qədər olduğunu bildirib. “Bizdə dünyanın istənilən ölkəsindən daha çox sursat var və ehtiyacımızdan da artıq silaha sahibik”, – deyə Tramp vurğulayıb.
ABŞ administrasiyası hərbi variantı gündəmdə saxlasa da, hazırda əsas üstünlüyü diplomatik həllə verir. Ağ Ev hesab edir ki, Tehran da razılaşma əldə etməkdə maraqlıdır və buna görə danışıqlar üçün imkan saxlanılır.
Danışıqlar fonunda vəziyyət gərgin olaraq qalır. İranın İordaniyadakı ABŞ hərbi bazasına raket hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, raketlərin əksəriyyəti zərərsizləşdirilsə də, İran buraxılış trayektoriyalarını və sürətini dəyişdiyi üçün hava hücumundan müdafiə sistemlərinin işi daha da çətinləşib.
Körfəz ölkələri vasitəçilik edir
Münaqişənin böyüməsinin qarşısını almaq üçün Qətər və Oman diplomatik təşəbbüslərlə çıxış ediblər. Hər iki ölkənin xarici işlər nazirləri Hörmüz boğazında təhlükəsizliyin və beynəlxalq gəmiçiliyin təmin olunması məqsədilə məsləhətləşmələr aparırlar. Məlumata görə, İsrail də Vaşinqtonun xahişi ilə hələlik İrana qarşı müstəqil hərbi əməliyyatlardan çəkinir.
Neft ucuzlaşdı
İrana qarşı hərbi əməliyyatın təxirə salınması xəbəri dünya bazarlarına da təsir göstərib. Reuters agentliyinin məlumatına görə, Brent markalı neftin qiyməti 5 faizdən çox ucuzlaşaraq bir barel üçün 91,20 dollara enib. Analitiklər hesab edirlər ki, bu, investorların qlobal inflyasiya ilə bağlı narahatlığını müəyyən qədər azaldıb.
S.Abdulla