ABŞ və Kanada Konqresə aralıq seçkilər keçirilənədək Kanada poladına və avtomobillərinə tətbiq olunan Amerika gömrük rüsumlarının azaldılmasını nəzərdə tutan ticarət sazişi bağlaya bilər.
Bu barədə “Reuters” agentliyi bazar ertəsi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın ticarət naziri Hovard Latnik və Kanadanın idarələrarası əlaqələr üzrə naziri Dominik Leblan bu məsələ ilə bağlı “daimi əlaqə saxlayırlar”.
Mənbələr saziş üzrə razılaşmanın ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək əldə oluna biləcəyini istisna etmirlər. Vaşinqton Ottavadan əlavə güzəştlər gözləyir.
Oktyabrın 25-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Kanada bir neçə ay ərzində ticarət sazişi bağlaya bilər. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett də tərəflərin ticarət danışıqlarını fəal şəkildə davam etdirdiyini qeyd edib.
ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir avqust ayında bildirib ki, Ottava Vaşinqtonun sərfəli hesab etdiyi ikitərəfli ticarət sazişindən imtina edib.
Bununla əlaqədar olaraq, avqustun 22-də Kanadanın müəyyən kateqoriyalı mallarının ABŞ-a idxalına 50 faizlik gömrük rüsumları qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni həmin vaxt ABŞ-la ticarət danışıqlarını dayandırmaq və cavab rüsumları tətbiq etmək qərarına gəldiyini təsdiqləyib.
Daha sonra Tramp ABŞ-ın 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Sentyabrın 8-də isə Ottavanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi cavab rüsumları qüvvəyə minib.
N.Talıblı
