ABŞ Rusiyanın “Şimal axını-2” kəmərinə əlavə sanksiyaları təsdiqlədi

ABŞ Nümayəndələr Palatası Rusiyanın Almaniyaya qalmaqallı təbii qaz kəmərini tamamlamasına kömək edən şirkətlərə yeni sanksiyalarla bağlı düzəlişi təsdiqləyib.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, “Dövlət Müdafiəsi Aktı”na (NDAA) düzəliş demokratların nəzarətində olan Palatada iyulun 20-də qəbul olunub.

Yeni sanksiyaların qüvvəyə minməsi üçün NDAA Senat tərəfindən də təsdiqlənməli və daha sonra prezident onu imzalamalıdır. Rusiya Qara Dənizin dibilə Avropaya qaz nəql edəcək Şimal Axını-2 layihəsini tamamlamağa çalışır.

Kəməri çəkən Avropa gəmiləri dekabrda işi dayandırdılar. Çünki ABŞ məhz onların fəaliyyətini hədəfə alan sanksiyaları qəbul etdi. İndi Rusiya öz gəmilərindən istifadə etməklə kəməri tamamlamağa çalışır. ABŞ isə artıq Rusiyayla bu sahədə əməkdaşlığa gedən şirkətləri də hədəfə alır. Layihənin 90 faizdən çox hissəsi çəkilib. O, Qara Dənizdən keçən, hər biri 1230 km uzunluqda iki paralel kəmərdən ibarətdir.

Dəyəri 11 milyard dollar yaxın olan Şimal axını-2 ildə 55 milyard kubmetr qaz vuracaq. Bu qaz Avropaya Ukraynadan yan keçməklə çatdırılacaq, Kiyev ildə milyardlarla dollarlıq tranzit haqqından məhrum olacaq.

Birləşmiş Ştatlar layihəyə qarşı çıxmasını belə əsaslandırır ki, bu, Kremlin Avropanın enerji bazarına nəzarətini gücləndirir, Ukraynanı cəzalandırır. Ukrayna ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır. “Rusiya Şimal Axını-2 kəməri vasitəsilə Avropadakı müttəfiqlərimizə, onların enerji təchizatına nəzarət etməyə çalışır. Biz Prezident Vladimir Putinin ədavətli nüfuz strategiyasını dayandırmalıyıq, – Arkanzasdan respublikaçı konqresmen Steve Womack səsvermədən sonra tvitində yazıb.

Rusiya isə Birləşmiş Ştatları özünün enerji ixracını gücləndirmək üçün sanksiyalara əl atmaqda suçlayır. Birləşmiş Ştatlar Avropaya mayeləşdirilmiş təbii qaz ixracını artırmaqda maraqlıdır.

Dövlət katibi Mike Pompeo ötən həftə şirkətlərə xəbərdarlıq etmişdi ki, Rusiyaya kəməri tamamlamağa kömək etməsinlər. Pompeo bu həftə Danimarkaya səfər etməlidir. Kəmərin tamamlanmamış hissəsi Danimarkanın iqtisadi sularındadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə sosial şəbəkələrlə bağlı qanun layihəsi parlamentə daxil olub

Sonrakı məqalə

20 Yanvar, Çernobıl, Qarabağ əlilləri üçün 2 milyon 878 min manat ayrıldı –