ABŞ səfiri QMİ sədri ilə görüşündə dini həmrəylik barədə nə deyib?

Azərbaycanda tolerantlıq və dinlərarası əməkdaşlıq ölkəmizin tərəfdaş dövlətləri tərəfindən böyük məmnunluqla qarşılanır.

Bu platforma ölkəmizin vizit kartına çevrilib və təhlükəsizliyimizin vacib detalı kimi çıxış edir.  Ölkəmizdə dini və milli həmrəylik inzibati rıçaqlar üzərində deyil, tariximizin min illik qardaşlığından güc alır.

Bu baxımdan Prezident İlham Əliyevin milli siyasəti multkulturalizm ənənələrinin dayanqlığı üçün mühüm fundamentdir. Bu siyasət ictimai münasibətlərdə təyinedici faktor olaraq milli irsin qorunmasıda misilisiz rol oynayır.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına ənənəvi Milad bayramı təbrikində Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını qeyd edib, birgə yaşayış mühitinin qorunub saxlanılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Qardaşlıq çələnginin fundamental əsaslarını qorunmasında Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin rolu danılmazdır. Şeyxülislam dini lider kimi özünün “darül-əhd” prinsipinə sadiq qalaraq Azərbaycanda müxtəlif dinlərin vahid vətən uğrunda birliyinin avanqardı kimi çıxış edir.

Ötən ay ABŞ-ın Azərbaycana təyin etdiyi səfir Mark Libbi QMİ sədri ilə görüşündə bu amilə xüsusi diqqət yetirib.

Amerikalı səfir Azərbaycanın dini-mənəvi həyatı ilə yaxından tanış olmaq üçün bu görüşə xüsusi əhəmiyyət verdiyini  deyib.

Səfir M.Libbi fəaliyyətdə olduğu qısa müddətdə Azərbaycandakı dini həyatla bağlı gəldiyi qənaətlərlə bölüşərək bildirib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu vardır.

QMİ sədri A. Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verib.

Şeyxülislam vurğulayıb ki, Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşayır.

A.Paşazadə dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. QMİ sədri deyib ki, dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbi dövlətimizin apardığı müdrik siyasət, insan həmrəyliyinə xidmət edən ideyalardır.

Azərbaycan prioritet elan etdiyi multkulturalizm və tolerantlıq siyasətini beynəlxalq münasibətlərin mühüm çağırışına çevirə bilib. Bakıda keçirilən beynəlxalq konfranslara uğurla təşkilatçılıq edərək bölgədə həmrəyliyin və dözümlülüyün ardıcıl təbliğatçısıdır. Təsadüfi deyil ki, bir-biri ilə müəyyən ixtilaflar yaşayan islam ölkələrinin birgə platformasının yaradılmasında Bakı ciddi faktor kimi öz imkanlarını nümayiş etdirir.

Bu baxımdan QMİ və onun rəhbəri Allahşükür Paşazadənin fəaliyyəti dövlət siyasətinin bu aspektlərinə söykənir.

QMİ sədri Azərbaycan hakimiyyətinin dini siyasətinin diskreditə edilməsinə yönələn ayrı-ayrı beynəlxalq təşkilatların müxtəlif qərəzli hesabatlarına qarşı parlaq faktlar və misilisiz həmrəylik çələngi ilə çıxıb.

Burada QMİ sədrinin dini rəhbər kimi tutduğu mövqe də vacib detaldır. A.Paşazadə bir sıra ölkələrdə dini rəhbərlərin açıq nümayiş etdirdiyi məzhəbçilik mövqeyindən uzaq durur, dünyəvi probemlərin həlli üçün ictimai platformalarda fəal işləyir.  QMİ sədri fəaliyyəti boyu heç vaxt konkret məzhəb tərəfdarı kimi çıxış etməyib. Ən müxtəlif dini konfessiyalarla, məzhəblərlə birgə əməkdaşlıq tərəfdarı kimi tanınan Şeyxülislam bununla tolerant din xadimi kimi beynəlxalq camedə ad qazanıb.

Belə mövqe isə Azərbaycana dinlərarası münasibətlər platformasında öz sözünü deməyə və hamının etibar edə biləcəyi ölkə statusunun möhkəmlənməsi üçün imkan yaradır.

Ölkəmizdə yaşayan müxtəlif dini konfessiyaların əməkdalıq masası səmavi dinləri təmsil edənlərin vahid mövqeyini ifadə edir. Dünya Azərbaycanın malik olduğu bu qiymətli sərvəti –tolerantlıq, mədəni əməkdaşlıq və həmrəylik nümunəsini qəbul edir və dəstəkləyir.

Aydın ABBASOV

Əvvəlki məqalə

“Ukraynaya qoşun göndərməyə ehtiyac yoxdur” –

Sonrakı məqalə

NATO Ermənistanı hərbi sənayeyə vəsait yatırmağa çağırır –