Ölkədə fəaliyyət göstərən internet provayderlərindən biri olan Birlink istifadəçilərinin narazılığı ilə gündəmə gəlib. AzPost xəbər verir ki, sosial şəbəkələrdə bir çox abunəçi xidmətin zəifliyi və internet sürətinin gözlənilən səviyyədə olmamasından şikayətlənib.
İzləyicimiz Alik Məmmədov sosial media hesabında paylaşıb ki, abunə olduğu 100 Mbit/s sürətli internet paketi realda 30-40 Mbit/s-dən yuxarı qalxmır. Hətta internet bağlantısının tez-tez kəsilməsi də əlavə narahatlıq yaradır. Paylaşım altında bir çox istifadəçi eyni problemlə üzləşdiyini təsdiqləyib.
Bir vaxtlar 7 il Birlink istifadəçisi olmuş Ceyhun Cəfərov isə bildirib ki, əvvəllər xidmət keyfiyyəti yaxşı olsa da, son illər vəziyyət pisləşib və nəticədə digər provayderə keçib. Hal-hazırda onun dediyinə görə, hər şey qaydasındadır.
Bəzi istifadəçilər isə Aztelekom-un hazırda kəsintisiz xidmət təqdim etdiyini qeyd edir. Lakin fərqli abunəçilər Aztelekom-un da bəzən zəif xidmət göstərdiyini iddia edib. Sosial media müzakirələrində 5G modemlər və yeni nəsil avadanlıqlarla problemi qismən həll etməyin mümkün olduğu da qeyd olunub.
Hazırda istifadəçilər arasında ən çox verilən suallardan biri isə alternativ provayder axtarışı və xidmət müqayisəsidir.