“Ağ qızıl”ın perspektivləri nə vəd edir?

Pambıq geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır.

Ondan müxtəlif növ parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Pambıq bitkisindən 250-dən artıq adda məhsul istehsal edilir. O, maşınqayırma və təyyarə sənayesində, kimya sənayesində, heyvandarlıqda və s. sahələrdə çox qiymətli xammaldır.

Pambıq dünyanın 80-ə yaxın ölkəsində becərilir. Bu ölkələrdən biri də Azərbaycandır. Pambıq bitkisi bioloji xüsusiyyətləri ilə əlaqədar olaraq yer kürəsinin az bir hissəsində becərilir və ölkəmizin iqtisadiyyatında zaman-zaman aparıcı sahələrdən birini tutur. Məhz bu baxımdan strateji əhəmiyyət daşıyan pambıq bitkisi Azərbaycan xalqının milli sərvətlərindən biri sayılır. Ölkəmizin yerləşdiyi iqtisadi-coğrafi məkan burada kənd təsərrüfatının bir sıra sahələrinin, eləcə də pambıqçılığın stabil inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Arxeoloji qazıntılar göstərir ki, Azərbaycanda pambıqçılıqla hələ eramızdan əvvəl 3-4-cü əsrlərdə məşğul olublar.

Statistik məlumatlara əsasən, 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq əkilib, 65 min ton xam pambıq istehsal edilib. 1925-1926-cı illərdə hər hektardan məhsuldarlıq 6-7 sentner, ümumi məhsul istehsalı isə 58-60 min ton idi. Böyük Vətən müharibəsindən sonra, xüsusilə də 50-60-cı illərdə respublikada pambıqçılığa diqqət olduqca zəifləmişdi.

Çoxları pambığı perspektivsiz bitki hesab edirdi.

Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun bilavasitə rəhbərliyi ilə 1970-80-ci illərdə Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib.

Azərbaycanda 1980-ci illərin əvvəllərində 800 min ton –1 milyon tona qədər pambıq tədarük edilirdi.

Heydər Əliyev Azərbaycana rəhbər təyin edildikdən sonra 1970-ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satışı planları artıqlaması ilə yerinə yetirilməyə başlandı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı. 1970-1976-cı illərdə kolxoz və sovxozlar pambıqdan 2 milyard manat gəlir əldə etmişdilər.

1981-ci ildə respublikada pambıqçılıq sahəsində ən yüksək nəticə əldə olunub, 1 milyon tondan artıq məhsul istehsal edilib.

Azərbaycanda pambıqçılığın tərəqqi dövrü 1969-cu ildən başlayaraq 1988-ci ilədək yüksələn xətlə inkişaf etdiyi dövrdür. 1988-ci ildən başlayaraq, pambığın ilbəil ümumi əkin sahəsi, məhsuldarlıq və ümumi məhsul istehsalı azalıb. 2015-ci ildə respublikamızda pambığın əkin sahəsi 18,8 min hektar, ümumi məhsul istehsalı 35 min ton olub.

Hazırda ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda sahələrdən 336,5 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 2019-cu ildə 29,5 sentner, 2020-ci ildə 33,6 sentner təşkil edib. Bu, Azərbaycan pambıqçılıq tarixində qeydə alınmış ən yüksək orta məhsuldarlıq göstəricisilərindən biridir.

Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.

Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edilib. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Bu öz növbəsində rayonlarda işsizliklə bağlı problemlərin həllinə kömək edir.

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə edilib.

Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq istehsal olunub. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda pambıq istehsalı 2015-ci ilə nisbətən 9.6 dəfə, 2019-cu ilə nisbətən isə 14.1 faiz artaraq 336.8 min ton olub.

2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunur ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. Ancaq məhsuldarlığın aşağı düşməsi qarşıya qoyulan hədəfə çatmağı çətinləşdirir.

Məhsuldarlığın aşağı düşməsinin səbəblərindən biri keyfiyyətsiz toxumdur. Ekspertlər bildirir ki, xaricdən gətirilən toxum da ölkəyə uyğunlaşdırılmayıb. Azərbaycanda o toxumdan birbaşa istifadə etmək yanlışdır.

Ekspert Kamran Məmmədlinin fikrincə, fermerlər fərqli toxumlardan istifadə etsə də, məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. Məhsuldarlığın aşağı düşməsinin  əsas problemlərdən biri suvarma ehtiyacının ödənilməməsi ilə bağlıdır. Pambıq enliyarpaqlı, suya tələbatı yüksək olan bitkidir. Azərbaycanda su problemi öz həllini tapmayıb. Bu səbəbdən də aran bölgəsində sudan səmərəli istifadəni təşkil etmək lazımdır. Azərbaycanda su resursu tələbatımızdan 7-8 dəfə çox olsa da suyun düzgün paylanması, səmərəli istifadəsi təmin edilmir. Bölgələrdə suyun lazımi səviyyədə paylanılmaması məhsuldarlığa təsir edir.

Digər mühüm məsələ mütəxəssis problemidir.

Pambıqçılıq sahəsində mütəxəssislərin sayı günü-gündən azalır. Azərbaycanda bu sahədə peşəkarlar azdır. Bu işlə məşğul olanlar isə pambıqla bağlı xırda detalları bilmirlər. Sırf qazanc üçün bu işlə məşğul olunanda, məhsuldarlıq da aşağı düşür.

Pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Fermerlər də su problemindən narazıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb .

Qurumdan qeyd olunub ki, fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat ödənilir: “Onlardan 220 manat əkin subsidiyası, 40 manat isə dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarıdır. Bundan əlavə, pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır.

“Azərsumeliorasiya” ASC-dən isə fermerlərin şikayəti ilə bağlı deyilib ki, suvarmadakı problemlərin səbəbi ümumi problemdir. Yaranmış suyun çatışmazlığı Araz çayında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqəli olur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, ölkədə istehsal olunan pambığın 80 faizindən çoxu xammal kimi ixrac edilir: Yerdə qalan 20 faizindən isə elə məhsul əldə olunur ki, keyfiyyəti aşağı olduğu üçün digər ölkələrin məhsulu ilə rəqabət apara bilmir.

V.Məhərrəmlinin fikrincə, hökumət əhalinin daha çox iş yeri ilə təmin və pambıqçılıqdan daha çox gəlir eldə edilməsi üçün son məhsul istehsalında maraqlı olmalıdır: “Ancaq Azərbaycan bunu etmir və məhsulu xammal kimi satır”.

O da deyir ki, suvarma məsələsində ayrıseçkilik mövcuddur.

Ekspert Qadir Bayramlı isə pambıq emalının da genişləndirilməsi məsələsinin mühüm olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda pambıq istehsalı ilə bərabər yerli pambıq zavodlarının fəaliyyətini genişləndirmək lazımdır. İndi 300 min ton civarında pambıq istehsalımız olduğu halda Azərbaycanda pambıqdan istehsal edilən yüksək keyfiyyətli geyimlər tapmaq çətindir. Ona görə həm ilkin emal müəssisələrini, həm də hazır məhsul, yəni pambıq ipliyi, qumaş fabrikləri və parça fabriklərini müasir texnologiya əsasında qurmaq lazımdır. Yerli bazarı yüksək keyfiyyətli geyimlə təmin etmək potensialımız var, amma indiki halda bu potensial istifadə edilmir.

Onun sözlərinə görə, MDB məkanında pambıq və pambıq məhsullarının alıcıları var. Yüksək keyfiyyətli pambıq yetişdiriləndən sonra satış bazarı problem deyil. Ekspert hesab edir ki, pambıqçılığın inkişafı üçün kiçik və orta sahibkarlara daha çox qayğı göstərilməlidir: “Ölkədə pambıq istehsalını artırmaq məqsədilə verilən kreditlərin həcmi artırılmalıdır. Faizləri aşağı salınmalı, aqro sığorta tətbiq olunmalıdır. Fermerləin vəziyyəti yerində öyrənilməli, onlara verilən kreditlərdə şəffaflıq olmalıdır. Bu zaman biz daha böyük nəticələr əldə edə biləcəyik”.

Mütəxəssislərin fikrincə, pambıq yetişdirilməsi və becərilməsində kiçik və orta sahibkarların köməyə daha çox ehtiyacı var.

G. Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Çexiyada uşaqların olduğu karusel aşıb, 12 nəfər yaralanıb

Sonrakı məqalə

Ukrayna ordusu Rusiyaya məxsus gəmi-bərəni və silah anbarını məhv edib