“Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər” –

PREZİDENT
27 Fevral 2021 - 09:10

“Mən Ağdama səfər edəndə oradakı səngərləri görəndə heç ifadə edə bilmirəm ki, necə qarışıq hisslər keçirdim: sarsıntı, əzab, təəssüf. Eyni zamanda, fərəh hissi var idi məndə ki, biz ora qayıtmışıq. Bu, bəlkə də hətta əlavə bir mətbuat konfransının mövzusu ola bilər. Qeyd etdiyim kimi, Ağdamın işğaldan əvvəl əhalisinin sayı 40 minə yaxın idi”.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünki uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Yenə də istəməzdim daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası ən azı 2 il çəkəcəkdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, yəni işğaldan sonra, təbii ki, əhalinin sayı artıb: “Biz artıq təqribən 70 min nəfərlik şəhərin baş planını yenidən işləməliyik və sizə bir nümunə deyə bilərəm. Ötən il biz bir neçə min ailə üçün mənzil və evlər inşa etmişik. Mənim qərarımla onlar, əslində, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Ancaq artıq işğal olunmuş ərazilər azad edildikdən sonra qərara gəldim ki, həmin mənzillər şəhid ailələrinə verilsin və dünən də mən belə bir şəhərciyin – 1572 ailəlik şəhərciyin açılışını etdim. Bu ilin sonuna qədər daha 3 min şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncəliyik, bizdə bunun təcrübəsi var. Biz hər il 3-4 min mənzil və ev inşa edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında danışırıqsa, bu şəhər hesab edirəm ki, 2-3 il ərzində tam bərpa oluna bilər. Ancaq bundan öncə minadan təmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir. Elektrik infrastrukturuna gəldikdə, biz bütün şəhərlərimizin, bölgələrimizin bir-biri ilə bağlı enerji şəbəkəsini yaradacağıq. Artıq büdcə, proqram təsdiq edilib və bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır. Su təminatı, qaz təminatı, yollar… Biz təkcə evlər tikməli deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdır. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir. Yəni bütün bu işlər bizim Böyük Qayıdış adlandırdığımız proqramımızın tərkib hissəsidir, Prezident Administrasiyasının rəhbəri bu əlaqələndirmə ilə məşğuldur. Təkcə Ağdam deyil, digər bütün şəhər və qəsəbələrimizdə – Füzuli, Cəbrayıl, Qubadlıda vəziyyət təqribən eynidir. Zəngilanda bir neçə ev istisna olmaqla hər şey darmadağın olub. Bu, çox nəhəng bir işdir, bizim qarşımızda böyük işlər dayanır. Biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və artıq etməyə başlamışıq. Burada söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət texniki imkanlardan gedir, bizim peşəkarlarımız, intellektual resurslarımız var.