Albaniyada Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri ölkənin Durres şəhərinin yaxınlığındakı Şidcak qəsəbəsində olub. Yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə 07:00-da) beş vermiş zəlzələ paytaxt Tiranada da hiss edilib. İlkin məlumata görə, ən azı 3 nəfər həlak olub, 100-dən çox insan dağıntıların altında qalıb. Ərazidə axtarış-xilasetmə dəstələri fəaliyyət göstərirlər.
İtaliyanın Sky TG24 telekanalı məlumat verib ki, Albaniyada baş vermiş zəlzələ bu ölkənin cənub rayonlarında da hiss edilib.