Almaniyada ABŞ və müttəfiqlərinin Ukrayna üzrə fövqəladə iclası başlanıb –-FOTO

Almaniyada ABŞ-ın “Ramşteyn” aviabazasında Ukraynanın müdafiəsi üzrə Beynəlxalq Məsləhət Qrupunun fövqəladə iclası keçirilir.

Azpost.info xəbər verir ki, Pentaqon şefi Lloyd Ostin iclasda dünyanın 40-dan çox ölkəsinin hərbi rəhbərlərinin iştirak etdiyini deyib. Toplantıda Ukraynanı müdafiə naziri Aleksey Reznikov təmsil edir.

“Müharibə yeni mərhələyə qədəm qoyub”

“Bu gün sizin hamınızla birlikdə olmaqdan şadam. Ukraynanın müdafiəsi üzrə Beynəlxalq Məsləhət Qrupunun bu tarixi toplantısında bir araya gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, qırxdan çox ölkənin iştirak etdiyi fövqəladə toplantıdır. Biz Ukraynaya Rusiyanın əsassız işğalına qarşı döyüşdə qalib gəlməyə kömək etmək və gələcək təhlükələr üçün onun müdafiəsini qurmaq üçün buradayıq. Ukraynanın Rusiya ilə müharibəsi yeni mərhələyə qədəm qoyub. Bu görüşün də məqsədi dəyişən hərbi ehtiyaclarla bağlı ümumi razılığa nail olmaqdır. Mən bu qrupdan Ukraynanın təhlükəsizlik ehtiyaclarını ümumi və şəffaf şəkildə başa düşməsini istəyirəm. Çünki biz onlara cavab vermək üçün hər şeyi edəcəyik. Mövcud koordinasiya mexanizmi sizin köməyinizlə daha da güclənə bilər”, – Ostin bildirib.

L.Ostin Rusiya qüvvələrini hərbi cinayətlərdə, mülki ukraynalıların qətlində ittiham edib. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir adamın – Rusiya prezidenti Vladimir Putinin ambisiyalarına xidmət etdiyini deyib.

“Bu müharibə bütün azad dünyaya meydan oxumaqdır”

Pentaqon rəhbəri bildirib ki, bu müharibə bütün azad dünyaya meydan oxumaqdır: “Ukrayna öz demokratiyasını, suverenliyini və vətəndaşlarını qorumaq üçün müharibə aparır. Rusiyanın işğalı əsassız və məsuliyyətsizdir. Bu, qanunun aliliyinə hücum və hər yerdə azad insanlara meydan oxumaqdır. Bu, Ukraynanın, hətta Avropanın hüdudlarını aşır. Gördüyümüz kimi, bütün dünyada xoşməramlı dövlətlər Ukraynanın rus imperializminin təcavüzünə qarşı döyüşünə dəstək üçün birgədirlər. Bu, belə də olmalıdır”.

“Putin heç vaxt təsəvvür etməzdi ki…”

Ostin hesab edir ki, Ukrayna Rusiyanın işğalına qarşı hərb tarixinə düşəcək heyrətamiz iş görür: “Sizin müqavimətiniz azad dünyanı ruhlandırdı. Biz də öz dəstəyimizi böyük sürətlə təmin edirik. Bütün dünya döyüş meydanında fərqi görür. Putin heç vaxt təsəvvür etməzdi ki, dünya Ukraynanın arxasında bu qədər tez və inamla dayanacaq. Rusiya Kiyev uğrunda döyüşdə məğlub olandan sonra müharibə yeni mərhələyə qədəm qoyub. Amma heç kəs Putinin bəhanəsinə və Donbasla bağlı gülməli iddialarına aldana bilməz. Rusiyanın işğalı, vəhşilikləri bağışlanmazdır”

“Ukraynalılar bilsin ki, hamımız onların arxasındayıq”

Pentaqonun rəhbəri xatırladıb ki, Rusiya işğalı başlayandan 30-dan çox müttəfiq və tərəfdaş ölkə Ukraynaya təhlükəsizlik yardımı toplamaq üçün ABŞ-a qoşulub: “Birlikdə Ukraynanın müdafiəsini dəstəkləmək üçün 5 milyard dollardan çox dəyərində avadanlıq topladıq. Kiyevə səfərim Ukrayna hərbçilərinin bu imkanlardan istifadəsinə heyranlığımı artırdı. Ukrayna qalib gələcəyinə inanır. Eləcə də buraya toplaşanların hamısı. Bizim hələ görəcəyimiz çox şey var. Ukraynanın bu gün qələbə qazanması üçün köməyimizə ehtiyacı var və o, olacaq. Bu müharibə bitəndən sonra da köməyimizə ehtiyacları var. Ukraynalılar bilməlidirlər ki, hamımız onların arxasındayıq. Bu gün Ukrayna demokratiyasının arsenalını gücləndirmək üçün buradayıq”.

Azpost.info

Əvvəlki məqalə

“Putinin təhlükəsizliyi lazımi səviyyədə qorunur” –

Sonrakı məqalə

Şuşada tikintiyə dair tələblər sərtləşdirilir