Almaniyada məcburi hərbi xidmətin bərpası gündəmdədir

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə hərbi xidmətin yenidən məcburi əsaslarla tətbiq olunmasını mümkün sayır.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində məlumat verib.

Nazir deyib ki, hazırda planlaşdırılan yeni model könüllülük prinsipinə əsaslanacaq. Lakin ehtiyac yaranacağı təqdirdə məcburi çağırışın tətbiqi də gündəmdə ola bilər.

Nazir, həmçinin Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin hərbi xidmətlə bağlı yenin qanun layihəsi üzərində intensiv şəkildə işlədiyini və həmin qanunun 2026-cı ilin yanvarından qüvvəyə minməsinin nəzərdə tutulduğunu bildirib. Yeni qanun layihəsinə əsasən, 18 yaşdan yuxarı bütün hərbi xidmətə yararlı kişilər qeydiyyata alınacaq və xidmətə münasibətləri ilə bağlı anket dolduracaqlar. Uyğun hesab edilən şəxslərə sonradan rəsmi müraciət ediləcək. Qadınlar üçün iştirak könüllü olacaq.

Silahlı Qüvvələrin baş inspektoru Karsten Breuer isə Almaniya Radiosuna (Deutschlandfunk) açıqlamasında deyib ki, əvvəlki hərbi xidmət modeli təhlükəsizlik baxımından ehtiyat planı kimi qalır və zərurət yaranacağı təqdirdə qısa müddətdə tez bir zamanda bərpa edilə bilər. Bundesver qarşıdakı illərdə NATO daxilindəki öhdəlikləri yerinə yetirmək üçün əlavə 100 min hərbçiyə ehtiyac duyur.

Almaniya parlamentinin keçmiş hərbi ombudsmanı, Sosial Demokrat Partiyasının (SPD) üzvü Eva Högl də mətbuata açıqlamasında qeyd edib ki, əgər şəxsi heyətin artırılması yalnız könüllülər hesabına təmin olunmazsa, məcburi xidmət qaçılmaz olacaq.

Hazırda Almaniya Silahlı Qüvvələrinə hər il təxminən 5 min nəfər yeni çağırışçı qəbul olunur. Lakin hökumətin strateji hədəfi 2031-ci ilə qədər Bundesverin şəxsi heyətinin 203 min nəfərə çatdırılması, əlavə olaraq ehtiyat qüvvələrin də gücləndirilməsidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.