AMEA Kitabxanası narazı  tələbələrə cavab verdi –

“Bizdəki qiymət avtobus pulundan ucuzdur”
01 Mart 2020 - 17:21

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası ödənişli kitabxana xidmətləri ilə bağlı tələbələrin KİV-də ifadə etdikləri narazılığa münasibət bildirib.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr bölməsindən  verilən məlumata görə, 2015-ci ildən başlayaraq, Mərkəzi Elmi Kitabxana müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim edir.

Qeyd edilib ki, 2017-ci ildən başlayaraq isə oxucuların xahişi əsasında və AMEA rəhbərliyinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxana 09.00-22.00 saatlarında ikinövbəli xidmət göstərir.

Son üç il ərzində qanunvericilik çərçivəsində AMEA əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir. Mərkəzi Elmi Kitabxananın əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənib.

Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir: “Oxucuların istinad etdiyi “xaricdə pulsuz kitabxana xidməti” təbii ki pulsuz deyil, və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələr üzrə müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur – xidmət göstərilirsə müvafiq ödənişi olmalıdır. Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA magistrantlarının Mərkəzi Elmi Kitabxanaya abunə xidmətlərini öz üzərinə götürüb”.

“Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır”.

AMEA Mərkəzi Elmi Kitabxanası İctimaiyyətlə əlaqələr bölməsi oxucuların müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirməsinə toxunub: “Tətbiq edilən qiymətlər Mərkəzi Elmi Kitabxananın saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. “Oxucu kartı” oxucunun şəxsiyyət vəsiqəsi əsasında, oxucunun razılığı ilə hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur.

Mərkəzi Elmi Kitabxananın rəhbərliyi oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılanması yollarını araşdırır və bununla bağlı bir çox prosedurların (təhlükəsizlik, sənədləşdirmə, ödəniş və s.) yenilənməsi layihəsini hazırlayır”.