AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhətilə bağlı sosial şəbəkələrdə müzakirə olunan məsələyə institutun Mətbuat xidməti münasibət bildirib.
İnstitutdan “Report”a verilən məlumata görə, filologiya elmləri doktoru, Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov 1 iyul 2020-ci il saat 12:30-da institutda olub.
Qeyd olunub ki, iş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib: “2 iyulda özünün şəxsi feysbuk səhifəsində status yazan İdris Abbasov səhhətində müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru, akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb. Bu gün isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10:45-də şöbə müdiri İdris Abbasovla telefonla danışıb, onun səhhəti ilə xüsusi olaraq maraqlanıb. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir. AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyini bildirir”.