“Koronavirus (COVID-19) pandemiyasının dünyada və ölkədə yayılması ilə bir sıra sahələr çökdü. Həmin sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Ekspertlər hesab edir ki, daşınmaz əmlak bazarında aktivlik minimuma enib və bu sahədə xarici iştirakçıların aktivliyi kəskin azalıb. Ölkənin daşınmaz əmlak bazarının bugünkü vəziyyəti və perspektivi ilə bağlı “Report”a “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı danışıb.
Onun sözlərinə görə, koronavirus pandemiyasına görə daşınmaz əmlak bazarı çox ciddi itkiyə məruz qaldı. Daşınmaz əmlak bazarında ucuzlaşma meyilləri müşahidə edildi: “Amma kəskin, dinamik qiymət azalması baş vermədi. Ucuzlaşmanın kəskin olmaması əsasən inzibati qərarlar nəticəsində alqı-satqı əməliyyatlarının məhdudlaşdırılması ilə bağlıdır”.
Daşınmaz əmlak bazarı aktuallığını itirir?
Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl daşınmaz əmlak bazarında yerli alıcılarla yanaşı xarici ölkə vətəndaşları da yer alırdı: “Pandemiyaya görə, makroiqtisadi sabitliyin pozulması nəticəsində xaricdən maliyyə axınları dayandı. Əsasən Rusiyadan və digər ölkələrdən daxil olan vəsaitlər dayandı. Hazırda pandemiyaya görə, insanlar vəsaitlərini, yığımlarını qorumağa, istifadə etməməyə çalışırlar. Bu cür proseslərdə daşınmaz əmlak investisiya aləti olaraq aktuallığını itirir. Pandemiyanın yayılmasına görə makroiqtisadi sabitliyin pozulması ilə manat üzərində müəyyən neqativ təsirlər qalır. Manatın dollar qarşısında dəyərini itirməsi ilə bağlı müəyyən fikirlər var. Nəticədə alqı-satqı əməliyyatları, əmlak bazarına müraciətlər və tələb azalır. Bu isə daşınmaz əmlak bazarında geriləməyə səbəb olur”.
Ölkənin əmlak bazarının dövriyyəsi azalacaq?
R.Osmanlı vurğulayıb ki, ölkənin əmlak bazarının illik maliyyə dövriyyəsi təqribən 1,2,-1,3 mlrd manatdır: “Amama builki dövriyyə qeyd edilən rəqəmə adekvat olmayacaq. Daşınmaz əmlak bazarında ilin sonuna qədər 2-3 dəfəyə qədər azalma gözlənilir”.
Daşınmaz əmlak bazarı özünü nə zaman bərpa edəcək?
O deyib ki, bu il əmlak bazarının və iqtisadiyyatın digər sahələrinin bərpasından danışmaq hələ tezdir: “Əmlak bazarında bərpa prosesi bu il mümkün olmayacaq. Yalnız gələn il iqtisadiyyatın digər sahələrində və daşınmaz əmlak bazarında stabilləşməni və aktivliyin artımını proqnozlaşdıra bilərik. Bu isə gələn ilin əvvəlində dünya iqtisadiyyatında cərəyan edən proseslərdən aslı olaraq baş verəcək. Pandemiyanın necə nəticələnəcəyini, dünya iqtisadiyyatının, makroiqtisadi vəziyyətin necə dəyişəcəyini bilmirik”.