ANAMA azad edilmiş ərazilərdə aşkar etdiyi minaların sayını açıqladı –

RƏQƏMLƏR
30 Noyabr 2020 - 14:37

Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr -30 noyabr 2020-ci il tarixlərində 2061 siqnal (əməliyyat çağırışı) əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Bu sözləri Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1393 ədəd 9N235 bombacıqları, 10730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radio pelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikrosxemi və 1643 ədəd partlamamış raket hissələri aşkar olunub. 

“Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə ilk növbədə yollar partlamamış hərbi sursat və minalardan təmizlənəcək”-deyən Q.Əhmədov deyib ki, həmin vaxta qədər vətəndaşlardan həmin ərazilərə getməmək xüsusilə xahiş olunur:

 ANAMA-nIN Operativ Qərargah rəisi İdris İsmayılov isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, humanitar dəhlizlər yaradılır. İ. İsmayılov deyib ki, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir: “Bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənməsi başa çatacaq”.

ANAMA-nın Operativ Qərargah rəisi qeyd edib ki, Ağdam-Əfətli yolu da minalardan təmizlənib: “3 gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb, 7 km avtomobil yolu minalardan tamamilə təmizlənib”.

İ. İsmayılov nəzərə çatdırıb ki, Xudafərin körpüsü ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb: “Yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışırıq”.