Aparıcı dövlətlər ötən il silaha nə qədər pul xərcləyib? –

RƏQƏMLƏR
27 Aprel 2020 - 20:05

Qlobal hərbi xərclər ötən il son 10 ildə ən yüksək göstəricilərlə yadda qalıb. ABŞ və Rusiya, eləcə də Çin, Səudiyyə Ərəbistanı və Hindistana hərbi xərclərə görə son on ildə ön plana çıxan dövlətlərdir.

Azpost.info -nun məlumatına görə, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) aprelin 27-də bildirib ki, bu beş ölkənin sözügedən xərclərdəki payı 2019-cu ildə 62% olub. Ümumdünya xərclərinin miqdarı isə 1,92 trilyon dollara bərabər olub.

2018-ci illə müqayisədə ümumi qlobal hərbi xərclər 3,6 faiz artıb və 2010-cu ildən bəri xərclərin ən böyük illik artımı müşahidə olunub.

ABŞ-ın hərbi xərcləri qlobal xərclərin 38 faizini təşkil edərək 5.3 faiz artaraq 732 milyard dollara çatıb. Bu məbləğ demək olar ki, 10 ən çox xərcləyən ölkələrin cəmi qədərdir.

Rusiya bu arada hərbi xərcləri 2019-cu ildə 65,1 milyard dollar səviyyəsində, 2018-ci ildəkindən 4,5% çox artırıb. Rusiya Federasiyası son iki onillikdə bu artımı davam etdirib.

“ABŞ-ın hərbi xərclərindəki son artım böyük güclər arasındakı rəqabətə qayıdışa əsaslanır” – deyə, SIPRI-nin elmi tədqiqatçısı Piter Veyzman bildirib.

Çinin hərbi xərcləri 2019-cu ildə 261 milyard dollara çatıb, başqa sözlə desək, əvvəlki illə müqayisədə 5.1% artıb.

Bu siyahıda ötən il dünyada dördüncü yeri tutan Rusiyanın hərbi xərcləri 2000-ci illə müqayisədə 175 faiz çox idi və hazırda Şərqi Avropada hərbi xərclərin 88 faizini təşkil edir.

SIPRI-nin tədqiqatçısı Aleksandra Kuimova bildirib ki, “ÜDM-in 3,9% səviyyəsində olan Rusiyanın hərbi xərclərinin yükü Avropada ən yüksək olanlardan biri idi”.