“Tarixi proseslər yaşayırıq. Biz anlamalıyıq ki, nə qədər böyük qələbə qazanmışıq, Azərbaycanın liderliyi ilə nə qədər böyük tektonik proseslərə start verilib”.
Bunu politoloq, Strateji və Beynəlxalq Araşdırmaları Mərkəzinin direktoru Eldar Namazov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, bu qələbəyə tam qiymətin verilməsi üçün zaman lazım olacaq: “Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir. Artıq yeni müasir silahların alınması prosesinə start verilib. Çünki bizim artıq bölgədə rəqibimiz Ermənistan deyil. Bölgədə sabitliyin yaranması üçün 20-30 il vaxt lazımdır. Biz artıq bölgədə yeni güc mərkəziyik. Gələcəkdə bu günlər, bu aylar, bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq. Biz çox böyük tarixi prosesin iştirakçılarıyıq. Türkiyə və Azərbaycan sovetlər dövrü dağılandan sonra bölgədə ən böyük qələbəyə imza atıb”.