Asiya İnfrastruktur İnvestisiya Bankı Türkiyəyə 500 milyon dollar vəsait ayırıb

- Koronavirusa görə
04 İyul 2020 - 16:24

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktor şurası bankın COVID-19 böhranına qarşı fondundan Türkiyənin iki bankına dövlət zəmanəti ilə ümumilikdə 500 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından Azərtac-a bildiriblər ki, vəsait yeni növ koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlik dövründə infrastruktur və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərə maliyyə dəstəyini təmin edəcək.

Bildirilir ki, pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi Türkiyənin özəl sektoruna, xüsusən də ölkədə məşğulluğun 74 faizini təmin edən kiçik və orta sahibkarlıq subyektlərinə ciddi təsir göstərib. Şirkətlər gəlirlərin azalması, maliyyə sıxıntıları kimi çətinliklərlə üzləşib. AİİB-in Türkiyə İnkişaf və Sərmayə Bankına (300 milyon dollar) və Türkiyə Sənaye İnkişaf Bankına (200 milyon dollar) ayırdığı vəsait də özəl sektora qısamüddətli kreditlərin verilməsi üçündür.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin də daxil olmaqla bir neçə ölkədə ümumilikdə 13 layihəyə 5,5 milyard dollar vəsait ayrılıb.