ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağla bağlı birgə bəyanat yayıb

03 Dekabr 2020 - 18:34

ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.

ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin 2020-ci il 9 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 9-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır. 

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.

Həmsədr ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.

Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər. (APA)