Avropa İttifaqı və NATO Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı razılığa gəlib

Yeddilər qrupu (G7), Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətlərin liderləri Rusiyaya qarşı əlavə sanksiyaların qəbul edilməsi, o cümlədən rəsmi Moskvanın beynəlxalq təcridinin artırılması barədə razılığa gəliblər.

İtaliya Nazirlər Şurasının yaydığı məlumata görə, Baş nazir Mario Draqi ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Boris Conson, Kanadanın Baş naziri Castin Trüdo, Yaponiyanın Baş naziri Fumio Kişida, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus Yohannis, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və NATO-nun Baş katibi Yens Stoltenberq ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Rusiya-Ukrayna gərginliyi fonunda baş verənləri müzakirə edən liderlər Ukraynaya başda maliyyə yardımı olmaqla, bütün sahələrdə dəstək üçün sıx koordinasiyanın vacibliyini vurğulayıblar.

Bildirilib ki, görüşdə əlavə sanksiyaların qəbulu da daxil olmaqla, Rusiyaya təzyiqlərin artırılması və rəsmi Moskvanın beynəlxalq təcridinin genişləndirilməsi ilə bağlı konsensus əldə edilib. Həmçinin enerji mənbələrinin şaxələndirilməsinə dair birgə öhdəlik vurğulanıb və bunun Rusiya resurslarından asılılığı azaldacağı qeyd olunub.

Əvvəlki məqalə

İlon Mask “Twitter”i almaq üçün 15 milyard dollar ayırır

Sonrakı məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb