Avropanın Çindən avtomobil idxalı ilk dəfə ixracı üstələyib

Avropanın avtomobil sənayesi illərdir dünya bazarında dominant mövqeyə sahib olsa da, son illərdə qüvvələr nisbəti dəyişməkdədir. Avropa İttifaqına (Aİ) Çin avtomobillərinin idxalının həcmi ilk dəfə bu ölkəyə ixrac həcmindən çox olub.

“Spiegel” nəşri xəbər verir ki, ötən il Avropadan Çinə avtomobil və avtomobil ehtiyatı hissələrinin ixracı 34 faiz azalaraq 16 milyard avro təşkil edib. İxrac 2022-ci ildən etibarən iki dəfə azalıb. Çin məhsullarının Avropaya idxalı isə 8 faiz artaraq 22 milyard avroya çatıb.

Bu tendensiya alman avtomobil istehsalçılarına da təsir etməkdədir. Hazırda ixrac idxaldan yüksək olsa da, fərq sürətlə azalır. 2022-ci ildə 30 milyard avro olan ixrac həcmi 2025-ci ildə 13,6 milyard avroya düşüb. Eyni zamanda, Çin məhsullarının idxalı iki dəfədən çox artaraq 7,4 milyard avroya çatıb. İxrac və idxal göstəricilərinin 2026-cı ildə bərabərləşə biləcəyi proqnozlaşdırılır.

Araşdırmaya əsasən, Çin avtomobil istehsalçıları digər Avropa ölkələrinə nisbətdə Almaniya bazarında uğurlu deyil. Çünki yerli istehsalçılar – “Volkswagen”, “Mercedes-Benz”, BMW və onların markaları bazar payını qoruyub saxlayır. Avropanın digər ölkələrində isə Çin markaları artıq nəzərəçarpacaq nəticələr göstərib. Yaxın perspektivdə rəqabətin daha da güclənəcəyi, Almaniyanın avtomobil sektoruna təzyiqin artacağı proqnozlaşdırılır. Eyni zamanda, alman istehsalçılar və tədarükçülər Çində də istehsal həyata keçirir, məhsulları həm yerli bazara, həm də Avropaya ixrac edirlər.

Elektrikli avtomobil batareyalarının satışında isə Çin artıq dünya bazarında üstünlüyə malikdir. Alman avtomobil sənayesinin gəliri 2025-ci ildə 1,6 faiz azalaraq 528 milyard avroya düşüb, iş yerlərinin sayı isə 6,2 faiz azalaraq son 14 ilin ən aşağı səviyyəsinə – 725 minə geriləyib.

Analitiklər artan Çin rəqabəti, zəif ixrac bazarları, iqtisadi durğunluq, geopolitik böhranlar, yüksək yeni avtomobil qiymətləri və elektrik avtomobillərinə tələbatın aşağı olmasını alman avtomobil sektorunun vəziyyətini gərginləşdirən əsas səbəblər kimi qiymətləndirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.