“Azərbaycan höküməti öz vətəndaşlarına qarşı xəsislik edir” –

Qubad İbadoğlu
24 İyun 2020 - 11:05

İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində uzadılan karantin dövründə hökümətin həyata keçirməli olduğu sosial-iqtisadi proqramlar barədə danışıb.

İqtisadçı ekspertin sözlərinə görə, hökümətin pandemiyayla bağlı atdığı addımlar adekvat deyil və mövcud dövrün tələblərinə uyğun gəlmir: “Biz hazırda iqtisadi böhran dövründə yaşayırıq, digər tərəfdən isə pandemiyanın özünün yaratdığı məhdudiyyətlər və psixoloji çətinliklər var. Bütün bunları nəzərə alında görünür ki, hökümətin apardığı sosial yardım siyasəti sistemsizdir və ardıcıl deyil. İkincisi isə aparılan bu siyasətdə nəzərdə tutulan yardım məbləği ehtiyacların qarşılanması üçün kifayət etmir. Bunun üçün ən azından ölkədəki minimum əmək haqqı, 250 manatın ödənilməsi baş tutmalı idi.”

ABŞ-in Rutgers Universitetinin professoru əlavə edir ki, Nazirlər Kabinetinin imzaladığı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarında işsiz kimi qeydiyyatdan keçənlərə 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi prosedurunda da kifayət qədər ciddi problemlər var: “Bu qərar verilərkən yenə də nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir. Əslində bu yardım işini itirənlərə nəzərdə tutulubsa, onun karantin rejimi ilə əlaqəsi olmalı deyil. Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdə olan işsizlər də bu yardımı almağa haqq edirlər. Belə yanaşma sahibkarların fəaliyyət yerləri üzrə tətbiq oluna bilər, işzilərə yox, çünki, işsiz onsuz da harda yaşamasından asılı olmayaraq çalışmır. Pandemiya bütün ölkəni əhatə edir, işsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır.

Diğər tərəfdən də karantin rejimi avqustun 1-də başa çatır. Belə olan halda da iyul ayı üzrə də ödənişlər həyata keçirilməlidir. Nəhayət, bu ödənişlər əvvəlki qaydada sahibkarlara və muzdlu işçilərə də şamil olunmalıdır. Göründüyü kimi, hökümət problemə yenə də qənaət prinsipi ilə yanaşır və yarımçıq qərarlar verməklə məşğuldur.”

Cənab İbadoğlu qeyd edir ki, Azərbaycan hökümətinin pandemiya dövründə həyata keçirdiyi iqtisadi-sosial proqramlar nəinki dünyanın güclü dövlətlərinin, hətta iqtisadi və maliyyə resurslarına görə ondan qat-qat kasad olan ölkələrinin belə yardım proqramlarından zəifdir: “Əslində bir çox ölkələr o cümlədən Gürcüstan kommunal xidmətlərə görə müəyyən güzəştlər tətbiq elədi. Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, ümumiyyətlə ehtiyacı olanlar təkcə işsizlərdən ibarət deyil. Eyni zamanda işsizlərin arasında da ayrıseçkilik edilir, sosial müavinət və pensiya alana yardım edilmir. Halbuki, bu insanların da hazırkı dövrdə xərcləri artıb və ehtiyacları qarşılanmalıdır. Gürcüstan təcrübəsindən görürük ki, ödənişlər pensiya və ya sosial müavinat alanlar üçün də nəzərdə tutuldu və həyata keçirildi. Kommunal xidmətlər üçün də müəyyən güzəştlərə getdilər. Amma Azərbaycan iqtisadi və maliyyə resurslarına görə ondan qat-qat kasad olan Gürcüstan qədər belə öz vətəndaşların sosial qayğı göstərmədi.”

Qubad İbadoğlu bildirir ki, hazırkı böhran şəraitindən çıxmaq üçün hökümətin atmalı olduğu bir neçə vacib addım var: “Həm sahibkarlar, həm günlük işçilər, həm də aztəminatlı təqəbə üçün sosial və iqtisadi yardım proqramlarını genişləndirməlidir. Bu həm də ölkədə məcmu tələbin stimullaşdırmasına gətirib çıxardacaq. Alıcılıq qabiliyyətinin güclənməsi Azərbaycan iqtisadiyyatının böhrandan çıxışını sürətləndirə bilər.

İkincisi ölkədə şəffaflıq və hesabatlılıq məsələsidir ki, hazırda bununla bağlı ciddi suallar var. Bildiyiniz kimi xərcləmələrin bir hissəsi də tibbi ləvazimatların alınmasına və səhiyyənin infrastuktrunun qurulmasına yönəlib. Lakin, bununla bağlı məlumatlar qapalı olaraq qalır. Bilinmir ki, ölkəyə tibbi ləzavimatları hansı şirkətlər, hansı qiymət əsasında gətirir. Vətəndaş üçün aşkarlıq təmin olunmalıdır.

Üçüncü məsələ isə, qərarların qəbulunda ictimai iştirakçılıq təmin olunmasıdır. Vətəndaşlarla bağlı qərar qəbul edirlərsə orada həmin vətəndaşların maraqlarını müdafiə edən qeyri-hökümət təşkilatların nümayəndələri təmsil olunmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda Azərbaycanın bir çox dövlət orqanlarında heç ictimai komitələr belə fəaliyyət göstərmir.”