Azərbaycanda əmək müqavilələrini onlayn imzalamaq mümkün olacaq

“AzInTelecom”un təqdim etdiyi SİMA yeni nəsil rəqəmsal imza İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə DOST RİM tərəfindən Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) uğurla inteqrasiya olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, artıq işçilər ƏMAS platformasında işəgötürənlər tərəfindən hazırlanan əmək müqaviləsini “SİMA İmza” vasitəsilə onlayn şəkildə imzalaya biləcəklər.

Məlumata əsasən, funksionallığın tətbiqi zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları ƏMAS-a daxil edilərək elektron müqavilə sənədi formalaşdırılır. Daha sonra işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilir və müqavilə sistem üzərindən işçiyə göndərilir.

Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına “SİMA İmza” ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Sonda isə işəgötürən tərəfindən müqavilə elektron imza ilə təsdiq edilərək sistemə daxil edilir və proses bitir.

Sözügedən funksionallıq Rəqəmsal İnkişaf və Nəqliyyat, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyindəki qurumlarda tətbiq olunub. Hazırda bu prosesin bütün qurumlarda tətbiqi istiqamətində iş aparılır.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ölkədə rəqəmsallaşmaya tam keçidin təmin edilməsi məqsədilə kağızsız hökumətin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi davam etdirilir. Xüsusilə də, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu addımların əsas məqsədi sənədləşmə prosesində istifadə olunan kağız sayının minimuma endirilməsidir. Elektron imzanın ölkə miqyasında istifadəsini artırmaq və gücləndirmək bu səylərin əsasını təşkil edir.

Əvvəlki məqalə

Alimlər Parkinson xəstəliyinin sirli səbəbini tapıblar

Sonrakı məqalə

Bibisinin evindən 27 500 manat oğurlayan Lənkəran sakini saxlanılıb