Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb. 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
AzPost xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib. Xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib. Xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
Meymunçiçəyinə yoluxma nə qədər yayğındır?
Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir.
Virusun iki əsas növü var – Qərbi Afrika və Mərkəzi Afrika.
Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştamının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib.
Xəstələrdən birinə infeksiyanın tibb işçisindən keçdiyi məlumdur.
Digər hadisələr bir-biri ilə və hər-hansı səyahətlə əlaqəli deyil. Belə görünür ki, yoluxma yerli cəmiyyətdə yayılan virusla bağlıdır.
May ayından bəri Böyük Britaniyada 3,500-dən çox hal qeydə alınıb, lakin həssas qrupların peyvəndlənməsindən sonra, iyul ayından bəri yoluxma hallarının sayında azalma müşahidə edilir.
Təsirə məruz qalanların əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər olub.
Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi infeksiyaya yoluxduğunu hesab edən şəxslərə həkimə müraciət etməyi məsləhət edir.
Simptomlar hansılardır?
İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.
Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.
Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər.
Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.