Azərbaycanlı elm adamları COVID-19-a gizli yoluxanların sayılması üçün model hazırladı

15 Aprel 2020 - 16:15

Almaniyada çalışan azərbaycanlı həkimlərdən ibarət elmi işçi qrup – Nuran Abdullayev başda olmaqla Orxan Səfərov və Elvin Hüseynov – COVID-19 virusu ilə bağlı apardıqları növbəti elmi tədqiqatı yekunlaşdırıb.

Bu barədə “Report”a işçi qrupun rəhbəri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

O bildirib ki, COVID-19 virusunun yeni olmasına baxmayaraq artıq bu virusun təhlükəliliyi haqqda elmə bu günə qədər bir neçə vacib amillər məlum olub:

“Bunlardan ən önəmlisi də bu virusun insanlarda gizli şəkildə – simptomları ağır şəkildə üzə çıxartmadan – yayılmasıdır. Elə buna görə də bu günə qədər heç bir ölkədə virusa yoluxanların dəqiq saylarını tapmaq mümkün olmur və bu da öz növbəsində pandemiyanın ölkələrə edəcəyi və ya etdiyi təsir gücü barəsində dəqiq məlumat verməyi çətinləşdirir. Bu problemi aradan qaldırmaq üçün isə böyük ölkələrin elmi institutları fərqli modellər hazırlayırlar ki, bu model əsasında rəsmi statistikaya düşməyən xəstələr də hesaba alına bilinir və ölkələrə uyğun müəyyən proqnozlar verilir. Bu istiqamətdə bir yeniliyi də biz eləməyi düşündük. Belə ki, bizim də elmi işçi qrupumuz son bir neçə gün ağır iş rejimi ilə çalışdıqdan sonra bütün dünya ölkələrində vəziyyəti təxminən qiymətləndirə biləcək bir model hazırladı. Belə ki, bu model əsasında da ölkələrdə xəstəliyi gizli keçirənlərin təxmini sayının hesablanması mümkündür və müxtəlif ölkələrdə xəstəlik barədə müəyyən proqnoz verilib pandemiyanın hansı mərhələdə olması barədə fikirlər irəli sürmək olur”.

N.Abdullayevin sözlərinə görə, modelin üstünlüyü ondan ibarətdir ki, model ölkələrdə virusun yayılmasının qarşısı alınması məqsədi ilə də verilən qərarları onların qəbul olunduğu zamanla birgə nəzərə ala bilir və ona müvafiq yoluxmanın azalmasını və ya yavaşlamasını da proqnoz üçün hesaba daxil edir:

“Bundan əlavə, modeldə ayrı-ayrı ölkələrdə virusun yayılma tezliyi və verilən qərarların ona təsiri eyni zamanda müqayisəli şəkildə analiz edilə bilir.

Düşünürük ki, bu hazırlanan elmi modelin Azərbaycan üçün də böyük əhəmiyyəti var və onun potensialından virusla mübarizədə yararlanmaq mümkündür”.