ETSN:"Bakıda havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağıdır"

“Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir. Bu ilin aprel ayının birinci yarısında aprel ayı üçün nadir hadisə olan dağətəyi rayonlarda qar qeydə alınıb”. 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib. O bildirib ki, havanın temperaturu orta hesabla iqlim normasından 1,5 dərəcə aşağıdır: “Havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salaq.

İlk öncə son onilliyin təhlili göstərir ki, 5 il havanın temperaturu normadan 4 dərəcəyədək yüksək, 3 dəfə 1,4 dərəcə aşağı, iki il isə norma daxilində olub. Yüzillik dövr üzrə isə  ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə olub, havanın orta aylıq temperaturu 9 dərəcəyə enib.

Çoxillik meteoroloji müşahidələrə görə, Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi  32 dərəcə isti, ən aşağı temperatur isə 0,4 dərəcə şaxtadır. Bununla da sərhəd göstəricilər arasında fərq 30 dərəcədən çoxdur. Aprel ayını onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürpizlərlə zəngin olan aylarından biri kimi səciyyələndirmək olar”.

U.Tağıyeva bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, keçən əsrin sonunda -1998-ci ildə aprelin 14-ü və 24-də havanın temperaturu rekord həddinə çataraq Abşeron yarımadasında 35 dərəcəyədək, Naxçıvan MR-da və ayrı-ayrı Aran rayonlarında 36-38 dərəcəyədək yüksəlib: “2012-ci il aprelin 10-da Bakıda isə 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb, yenidən  32° isti olub.  Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 1-də qeydə alınıb. Həmin gün Bakıda havanın minimal temperaturu 0.4° şaxta olub. Adətən aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayiət edilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ekologiya və təbii sərvətlər nazirinə yeni müavin təyin edilib

Sonrakı məqalə

Azərbaycanlı elm adamları COVID-19-a gizli yoluxanların sayılması üçün model hazırladı