“Azəriqaz” dövlətdən aldığı subsidiyanı niyə açıqlamır?” –

“51 faiz abonent iddiası real deyill” (EKSPERT ŞƏRHİ)
30 İyun 2021 - 20:54

 “1200 kubadək istehlakı olan 51% abonent heç də iddia edildiyi kimi 5 milyon əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə daha az əhali yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Tarif Şurasının qazın qiyməti ilə bağlı qərarını şərh edərkən deyib.

Ekspert bildirib ki, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 mln. mənzil) 1 mln-u və ya 45%-i 1 və 2 otaqlı mənzillərdir: “Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil. Ona görə də rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır”.

R.Ağayevin sözlərinə görə, digər tərəfdən aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur: “Xüsusilə də Bakı, Xırdalan kimi məkanlarda yeni tililən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statisitaka bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır”.

Ekspertin fikrincə, qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib: “Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Azəriqaz-ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəqli sistemində yaranır”.

R.Ağayev deyib ki, “Azərsu”nu timsalında məlum oldu ki,  zərərin şişməsinin fundamental səbəblərdən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir: “Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər.

“Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir – eləcə də zərəri yaradan xərc maddələrini?”-deyən ekspertin fikrincə, indiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsziləşdirmək lazımdır: “Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişərdərək vətəndaşın cibinə yükləməyəcək”.