“Azərbaycan əraziləri Türkiyə tərəfindən qarantiya altına alınır ” –İlham İsmayıl

İyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannaməni imzalayan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu “tarixi sənəd” və “yeni dövrdəki yol xəritəsi” adlandırıblar.

Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət məsələləri yer alıb. Sənədə görə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcək. Yeri gəlmişkən, iki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəf götürülüb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azadlıq radiosuna deyib ki, əvvəl iki ölkə arasında daha çox ticarət və diplomatik sahələrdə əməkdaşlıq haqqında müqavilələr var idi: “Düzdür, hərbi əməkdaşlıq barədə də müqavilə var idi, amma hər hansı bir dövlətin, xüsusilə Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazilərə müdaxilə olarsa, qarşılıqlı hərbi yardımın göstərilməsi kimi önəmli məqam dünənə qədər yox idi”.

Ekspert hesab edir ki, bu, Azərbaycan üçün çox vacib məsələdir: “O qədər vacibdir ki, artıq perspektivdə Dağlıq Qarabağın müstəqilliyindən danışmaq qeyri-mümkün olacaq. Rusiya da qane olacaq ki, dörd il beş aydan sonra Qarabağdan tədricən getməlidir və Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Çünki söhbət beynəlxalq sənədlərlə təsdiq olunmuş Azərbaycan ərazilərinin Türkiyə kimi dövlət tərəfindən qarantiya altına alınmasından gedir. Sənəddə birgə hərbi təhsil, təlimlərdən tutmuş, ordunun yenidən qurulmasına qədər hər bir şey çox detallı göstərilib. Perspektivdə bu Türkiyənin Cənubi Qafqazda dominant rolunu təsdiqləmiş olacaq”.

İ.İsmayılın sözlərinə görə, Gürcüstanın Türkiyə ilə çox yaxşı münasibətləri var, gec-tez Ermənistan da Azərbaycan və Türkiyə ilə münasibət qurmalı olacaq və Rusiya da bununla razılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün daha üç oyun keçiriləcək –

Sonrakı məqalə

Məzar bərpaçısı Ağdamda minaya düşərək ölüb –