“Azərbaycan, Rusiya və Ermənistanın Birgə Bəyanatının siyasi potensialı tükənib” –Tofiq Zülfüqarov  

“10 noyabr Birgə Bəyanatının siyasi potensialı, demək olar ki, tükənib, çünki müddəaların əksəriyyəti ya yerinə yetirilib, ya da bunların icrası əlavə dəqiqləşdirmələr tələb edir”.

 Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Sabiq nazir deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişə problemi getdikcə daha çox iki qonşu dövlət arasında post-konflikt münasibətlər müstəvisinə keçir.

T.Zülfüqarovun sözlərinə görə, müvəqqəti olaraq sülhməramlı qüvvələrin və müşahidə missiyasının məsuliyyət zonasına daxil olan ərazilərin bərpası prosesinin məsələləri hərbi, iqtisadi, informasiya və siyasi xarakterli müxtəlif mövzuları daim aktual edir. Bu mövzular həmin məsələlərin həllinə dövlət idarəetməsi sisteminin müxtəlif təsisat və strukturları cəlb edir: “Bir sıra hallarda bir idarənin səlahiyyətlərinin bitdiyi, digərinin isə başladığı sərhədi müəyyənləşdirmək çətin olur. Xüsusilə bizim məmurların iş “ənənələri” haqqında təsəvvürə malik olaraq, anlayırsan ki, “özünü qorumaq” məqsədilə onlar hətta ən kiçik məsələyə dair lap yuxarının “razılığını” almağa çalışırlar…”

Ekspertin fikrincə, bu isə məsələlərin həllinin operativliyini azaldır və, əksinə, icra vaxtını artırır: “Və yaxud, məsələn, belə bir problemi götürək ki, müşahidə missiyasının rəhbəri yaxud sülhməramlı qüvvələrin komandanı bu va ya digər məsələnin həlli ilə bağlı kimə müraciət etməlidir? Dərhal Prezidentə? Çətindir və heç lazım da deyil… Elə buna görə də bir çox məsələlərin həlli ləngiyir. Məsələn, sülhməramlı qüvvələrin mandatının müəyyənləşdirilməsi haqqında danışıqların aparılması və yaxud birinci mənbədən alınan məlumatın mətbuata çatdırılması üçün brifinqlərin təşkil olunması, və ya sülhməramlı qüvvələrin və sərhədçilərin Laçın nəzarət-buraxılış məntəqəsində birgə patrul xidmətinin aparılması qaydaları məsələləri…Bununla əlaqədar Respublika Təşkilat Komitəsinin təcrübəsini xatırladım. Vaxtilə bu komitə Dağlıq Qarabağda respublikanın müxtəlif strukturlarının fəaliyyətini əlaqələndirmək üçün çoxlu iş görməyə müvəffəq olmuşdu…

T.Zülfüqarov deyib ki, bu strukturun yaradılması mürəkkəb kadr və inzibati qərarların qəbulunu nəzərdə tutmamalıdır: “Məsələn, xüsusi zoom platformasının yaradılması ofis olmadan işlərin öhdəsindən gəlməyə kömək edə bilərdi. Əgər BMT Baş Assambleyasının iclasını zoom rejimində keçirmək mümkün olursa, nəyə görə təklif olunan strukturun işini təşkil etmək mümkün olmasın?”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gögöl rayonunun sabiq icra başçısı vəfat edib

Sonrakı məqalə

Sabiq nazir Fərhad Əliyevin oğlu: