Azərbaycan və Türkiyə dövlət başçıları nəyi müzakirə edəcəklər? –EKSPERT RƏYLƏRİ

Oktyabrın 26-da Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Azərbaycana birgünlük işgüzar səfərə gəlib.

Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışında və Zəngilanda Türkiyənin dəstəyilə salınacaq «Ağıllı aqropark»ın təməlqoyma mərasimlərində iştirak edəcəklər.

Rəsmi məlumata görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Bəzi ekspertlər isə hesab edirlər ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin pərdəarxası tərəfləri də var. Onlardan biri noyabrın əvvəlində baş tutacağı iddia olunan Əliyev-Paşinyan-Putin görüşü ilə bağlıdır.

Azərbaycan və Türkiyə dövlət başçıları nəyi müzakirə edəcəklər? Ekspertlər bu səfərdən nə gözləyirlər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin ən vacib hissəsi Füzuli Beynəlxalq Hava Limanının açılışıdır: «Qarabağda tikilən bu ilk beynəlxalq hava limanının açılışında Rəcəb Tayyip Ərdoğanın iştirakı məntiqlidir, belə də olmalıdır. Çünki bu gün Azərbaycan-Türkiyə münasibətləri sözün həqiqi mənasında bütün dünya ölkələri üçün nümunədir».

Onun sözlərinə görə, görüş çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, həm də regionda baş verən proseslər, postmüharibə dövrünün yeni reallıqları fonunda həllini gözləyən məsələlər və onların həll olunmasında Türkiyənin yeri və rolu kimi məsələlər müzakirənin predmeti ola bilər: «Birmənalı söyləmək olar ki, Türkiyə bu günlər regionda çox ciddi faktordur. Müharibənin bitməsinin, eyni zamanda postmüharibə dövrünün reallıqları fonunda bu fikri söyləmək mümkündür. Bu gün Türkiyə Cənubi Qafqazda faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitinin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir».

Deputat qeyd edib ki, müzakirə olunan məsələlərin sırasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər var: «Rusiya prezidenti Vladimir Putin Valday Forumundakı çıxışında öz fikrini bildirib. O söyləyib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında olan 1920-ci illərin xəritələri əsasında proses getməlidir. Sovet İttifaqına üzv olan 15 respublikanın sərhədləri orada dəqiq şəkildə göstərilib. Bu xəritələr Azərbaycanın maraqlarına uyğun xəritələrdir».

Onun fikrincə, iki dövlət başçısının görüşündə Zəngəzur dəhlizinin açılması ciddi müzakirə predmeti ola bilər: «Hər iki dövlətin bu məsələdə qətiyyətli mövqeyi var ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu, təkcə Azərbaycan və Türkiyə üçün faydalı deyil. Burada ən böyük fayda blokada vəziyyətinə düşən Ermənistan üçündür».

Elman Nəsirov qeyd edib ki, görüş zamanı Ermənistanın Zəngəzur dəhlizinin açılmasına problem yaratmadığı və bütün mina xəritələrinin Azərbaycana verildiyi halda Türkiyənin və Azərbaycanın Ermənistanla münasibətlərinin bərpasına dair məsələlər də müzakirə oluna bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Azadlıq” radiosuna bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri tək Füzuli hava limanının açılışı ilə məhdudlaşmayacaq: «İlham Əliyev Ərdoğanla fikir mübadiləsi  aparacaq. Kremlə yaxın Rusiya xəbər agentlikləri artıq noyabrın ilk həftələrində Rusiya prezidentinin vasitəçiliyilə Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin görüşü ilə bağlı məlumatlar yayıblar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ona görə də bu məsələlərdə İlham Əliyev hər dəfə Ərdoğanla məsləhətləşir».

Siyasi şərhçinin sözlərinə görə, elə məsələlər var ki, orada Azərbaycanla Türkiyə birgə hərəkət etməlidir: «Türkiyə rəsmiləri deyiblər ki, Ermənistanla sərhəddi açmağa hazırdırlar, amma onu da əlavə ediblər ki, bu məsələdə Azərbaycanla birgə hərəkət edəcəklər. Eləcə də müharibədən sonra Qarabağ məsələsində Rusiya nə təklif edərsə, Azərbaycan Türkiyə rəhbərliyi ilə razılaşdırır. Ona görə də bugünkü səfər çərçivəsində hava limanının açılışı mərasimi ilə yanaşı qapalı şəraitdə yəqin ki, Rusiyanın yeni təklifləri müzakirə olunacaq».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2266 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

İlham Əliyev və Ərdoğan Zəngəzur Dəhlizinin təməlini qoydular