“Azərbaycançılıq Heydər Əliyevin bizim üçün yadigar qoyduğu sərvətdir”

Tarixə Azərbaycan xalqının Ulu Öndəri kimi daxil olmuş Heydər Əliyev liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq bəxş etdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.

“Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.

“Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.”

Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı:“Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

Ulu Öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərəkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi:“Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”.

Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.

“Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.”

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi.

“Bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir.”

O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Əvvəlki məqalə

“Ermənilərin öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur” –

Sonrakı məqalə

İran prezidenti Suriyaya gedir