“Azərbaycanda 17 nazirlik var, sayı azaldılmalıdır” –Qubad İbadoğlu

Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.

Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.

Əslində, son illərdə Azərbaycanda dövlət idarəetmə orqanlarının strukturunda müəyyən dəyişikliklər aparılıb. 2017-ci ildə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. 2019-cu ildə isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

İqtisadçı Qubad İbadoğlu Azadlıq Radiosuna açıqlamasında deyib ki, koronavirus pandemiyası dövründə Azərbaycanda gedən proseslər göstərdi ki, həm dövlət idarəetməsi, həm də dövlətin şirkət idarəetməsi təkmilləşdirilməlidir: “Bu zaman dövlət idarəetməsində maliyyə səmərəliyi, vətəndaşlara xidmət baxımından şəffaflıq və məmnunluğu təmin edən yeni bir sistemin təqdimatına ehtiyac var”.

Ekspert qeyd edib ki, Azərbaycanda zaman-zaman dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlar imzalayıb: “24 noyabr 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasında dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman var. Eyni zamanda, 2019-cu ildə yanvarın 14-də də prezident dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Müəyyən cəhd var, amma nəticə yoxdur”.

Q.İbadoğlu deyir ki, Dünya Bankının hökumətin effektivliyi indeksinə görə, Azərbaycanda 2019-cu ildə 2018-ci illə müqayisədə vəziyyət daha da pisləşib: “Dövlət idarəçiliyində korrupsiya yüksəkdir. Bunu Dünya Bankının hesabatları da təsdiq edir. Yəni, bu gün idarəetmə məsələsinin təkmilləşdirilməsi işi günün tələbidir”.

Onun sözlərinə görə, pandemiya da göstərib ki, bəzi sahələrdə mütləq dəyişikliklər olmalıdır: “Həm də bu şişmiş dövlət aparatı dövlət büdcəsinə böyük yükdür. İmkanlar əvvəlki kimi geniş deyil, neftdən gələn pullar əvvəlki kimi çox deyil. Ona görə də idarəetmə ilə əlaqəli prezident fərmanları, eyni zamanda strateji yol xəritələrində qeyd olunan məsələlər öz həllini tapmalıdır”.

Q.İbadoğlu hesab edir ki, nazirliklərin və komitələrin sayı azalmalıdır: “Hazırda Azərbaycanda 17 nazirlik var. Təklif edirəm ki, onların sayı 11-ə qədər azaldılsın, çünki bir çox nazirliklər bir-birini təkrarlayır. Nazirliklərin əsas funksiyası həmin sahədə dövlət siyasətini müəyyənləşdirməkdir. Amma onlar həm də kommersiya fəaliyyəti ilə məşğuldur. Bu isə qəti yolverilməzdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusun laboratoriyadan sızma versiyası ağlabatandır” –

Sonrakı məqalə

“Azərbaycanla danışıqlar sabah davam etdiriləcək” –