Azərbaycanda uşağı övladlığa necə götürmək olar? –Hara və kimə müraciət etməli? (QAYDALAR)

“Vətəndaşlar e-sosial.az portalına daxil olub elektron kabinet açmaqla övladlığa uşaq götürmək üçün müraciət edə bilərlər. Altsistem fəaliyyətə başlayandan indiyədək 297 vətəndaş övladlığa uşaq götürmək üçün müraciət edib. Ötən dövr ərzində müraciət edənlərdən 58 nəfəri həmin prosesi başa vurub və məhkəmə qətnaməsi ilə övladlığagötürməni rəsmiləşdirib”.

Azpost.info bildirir ki, bu sözləri Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev Azərtac-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müraciət etmiş digər ailələrə də övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilməsi üçün işlər davam etdirilir: “Övladlığa götürülən uşağın yaşı 18 yaşına çatana qədər Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə departamentinin əməkdaşları uşaqların ailədəki vəziyyətini izləmək məqsədilə həmin ailələrə səfərlər təşkil edirlər. İndiyədək 1600-dən çox uşağın ailədə monitorinqi aparılıb”.

Müsahib qeyd edib ki, övladlığagötürmə üç mərhələdə həyata keçirilir: “Birinci mərhələyə valideyn-namizədin qeydiyyata alınması, ikinci mərhələyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, üçüncü mərhələyə isə övladlığagötürmə barədə məhkəmə qərarının qəbul edilməsi aiddir. Müraciət və qiymətləndirmə mərhələləri elektron qaydada aparılır və proses valideyn-namizədin elektron kabinet yaratmaqla alt-sistemdə övladlığagötürmə ilə əlaqədar istəyini bildirməklə başlayır. Bunun üçün isə övladlığagötürmə üzrə notarial ərizə alınmalıdır. Valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra valideyn-namizəd və onun ailə üzvləri barədə məlumatları aidiyyəti qurumların informasiya sistemlərindən inteqrasiya edilir”.

Departament müdirinin bildirdiyinə görə, valideyn-namizəd Ailə Məcəlləsinin tələblərinə müvafiq uçota alındıqdan sonra 10 iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir. Müsahibə zamanı sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır. Müsahibə başa çatdıqdan sonra valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğunluq baxımından müayinə edilir.

“Sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələri uyğun olarsa valideyn-namizədlər bir aylıq təlimlərə cəlb edilirlər. Təlimlər zamanı övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərki, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi, valideynlik bacarıqlarının inkişafı, valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı ətrafında müzakirələr həyata keçirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizəd və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyinə cavab veriləcək elektron uyğunlaşdırma aparılır. Məsələn, onlar 0-3 yaş arası, sağlam, yaxud sağlamlığında müəyyən problem olan, qız və ya oğlan uşağını övladlığa götürmək istədiklərini qeyd edirlər. Elektron uyğunlaşma həyata keçiriləndən sonra valideyn-namizəd elektron kabinetində ona təyin olunmuş uşağın foto, video və sağlamlıq məlumatlarına baxmaq imkanı əldə edir və uşaq haqqında məmnunluğunu bildirdikdən sonra müəssisədə uşaqla görüş təyin edilir”.

Valideyn-namizədlə uşağın görüşü uşağın tərbiyə aldığı müəssisədə təşkil edilir və bu proses iki ay ərzində davam edir: “Görüş hər ay 40 saat olmaqla davam edir və həmin görüşlər uşaqla valideyn-namizədin uyğunlaşması, onların arasında adaptasiya, ailə bağları və ünsiyyətin qurulması məqsədi daşıyır və sosial işçilər həmin dinamikanı izləyir. Uyğunlaşma uğurlu olarsa, uşaq sınaq üçün üç ay müddətinə valideyn-namizədin evinə verilir. 3 ay davam edən sınaq müddətini əməkdaşlarımız həmin müddətin ilk həftəsində üç dəfə, növbəti həftələrdə bir dəfə olmaqla ailəyə izləmə səfərlərinə gedirlər. Sınaq müddətini uğurla keçmiş valideyn-namizədlərin övladlığagötürməsi barədə rəy hazırlanaraq məhkəməyə təqdim edilir və uşağın övladlığa verilməsi rəsmiləşdirilir”, – deyə departament müdiri əlavə edib.

Uşaqlar bizim gələcəyimizdir. Sağlam təməl üzərində böyüyən uşaq isə uğurlu gələcək deməkdir. Onların layiqli vətəndaş kimi formalaşması üçün sevgi və xoş münasibətə bağlıdır, çünki xoşbəxt ailə xoşbəxt gələcək və xoşbəxt cəmiyyət deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

II-IX siniflər üçün summativ qiymətləndirmə əyani keçiriləcək

Sonrakı məqalə

“Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir, Ermənistan qeyri-adekvat reaksiya nümayiş etdirir” –