“Azərbaycandakı görüş bir-birimizi tanımaq üçün fürsətdir” –Türkmənistan müftisi

“Sizinlə Azərbaycan torpağında görüşmək fürsətinə görə Allah-təalaya sonsuz şükür və həmd edirəm. Mən qəti şəkildə əminəm ki, bu tədbir böyük uğur qazanacaq və xalqlarımızın mənafelərinə xidmət edən məsələlərin həllinə böyük töhfə verəcək”.

Bunu Türkmənistan müftisi Yalkan Xocaqulıyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini liderlərinin 19-21 oktyabr tarixlərində Azərbaycanda keçirilən görüşündə deyib.

Müfti öz növbəsində tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “Bu tədbirin keçirilməsində böyük töhfəsinə və dəstəyə görə, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevə Türkmənistan nümayəndə heyəti adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm!”

O, Azərbaycanın Türk dünyasındakı rolundan da danışıb: “Azərbaycan torpağında keçirilən bu tədbir bir-birini daha yaxından tanımaq, daha geniş qarşılıqlı anlaşmaya nail olmaq, bərabərhüquqlu münasibətlər qurmaq, bütün dünyaya nümunə olmaq üçün bir fürsətdir”.

Müfti Türk dünyası ölkələrini bir araya gətirən prinsiplərə də diqqət çəkib: “Bu prinsiplərdən birinə diqqətinizi çəkmək istərdim. Bildiyiniz kimi, orta əsrlərdə türk xalqlarının alimləri elmi dil kimi ərəb dilindən, yazıçı və şairlər isə ədəbi dil kimi tez-tez fars dilindən istifadə ediblər.

Bu ümumilik müəyyən dərəcədə onların bu sahələrdə sıx əməkdaşlığına və daha yaxşı qarşılıqlı anlaşmasına kömək etdi”.

Yalkan Xocaqulıyev qeyd edib ki, zaman keçdikcə Əlişir Nəvai, Hüseyn Bayqara kimi görkəmli şair və mütəfəkkirlərin səyi ilə türk ədəbi dili təkmilləşmiş, türk xalqlarının alim və yazıçıları öz əsərlərini bu dildə yazmağa başlamışlar: “Bu əsərlər türk xalqlarının maarifpərvər nümayəndələri üçün başa düşülən olub və nəticədə ortaq mədəniyyətin yaranmasına gətirib çıxarıb.

Türk dillərində yaradılmış bütün əsərlər ortaq elmi və ədəbi irsimizdir. Mən ürəkdən inanıram ki, əgər biz bu əsərləri tədqiq etməyi bacarsaq, onların ümumi rifahımıza, eləcə də bütün bəşəriyyətin mənafeyinə xidmətini təmin edə bilsək, bu, bir-birimizi anlamaq və gələcək fəaliyyətimizin əsas istiqamətlərini müəyyən etmək üçün yeni imkanlar açacaq”.

Müfti çıxışının yekununda vurğulayıb ki, belə görüşlərin, müzakirələrin böyük əhəmiyyəti var: “Allaha dua edirəm ki, bu görüş xalqlarımızın rifahı naminə xeyirxah işlərin görülməsi üçün əsas səbəbə çevrilsin”.

Əvvəlki məqalə

9 ayda büdcənin böyük hissəsi Qarabağın yenidən qurulmasına yönəlib –

Sonrakı məqalə

“Qələbə günündə Moskvada görüşənədək!”