“Azərbaycanı hansı təbii fəlakətlər gözləyir?” –Umayra Tağıyeva yazır

Son vaxtlar iqlim dəyişikliyindən, qlobal istiləşmədən çox danışılır və gələcəklə bağlı təxmin olunan ssenariləri nikbin adlandırmaq çətindir. Statistika bütün planetdə xarakterik olmayan ərazilərdə daşqın və quraqlıqların, anomal isti və soyuq dalğalarının artımını göstərir.

Yayda əlverişsiz hava heç də qeyri-adi deyil sayılmır.  Ancaq istiləşmə nəticəsində qlobal su dövranı güclənir.

Nəticə etibarı ilə, bir tərəfdən quraq dövr özünü daha qabarıq şəkildə göstərir, digər tərəfdənsə aylıq yağıntı norması qısa zaman kəsiyində, hətta bir gün ərzində gerçəkləşir.

Qonşu Türkiyə, Gürcüstan və Rusiyanın cənubunda şiddətlənən növbəti siklon bu dəfə də bizdən yan keçdi. Bu prosesin yalnız qalıqları avqustun 14-ü ölkənin qərbində və şimalında özünü büruzə verdi. Həmin gün Qusarda 30 mm (aylıq normanın 89%-ı), Tovuzda 20 mm (aylıq normanın 82%-ı) yağışı, Quba və Qusar rayonlarının bir neçə kəndində dolu yağdı.

Yağıntıların bu cür qeyri-bərabər şəkildə düşməsini nəzərə alaraq, uyğunlaşma ölçü tədbirlərini işləyib hazırlamaq lazımdır. Ölkənin bəzi rayonları təhlükəli sürüşmə zonalarında yerləşir. Uyğunlaşma məsələləri kompleks şəklində həyata keçirilməlidir. Sözsüz ki, vaxtında görülmüş xəbərdarlıq nəticələri yumşalda bilər, lakin qarşısını ala bilməz. Bir şey aydındır, bu cür vəziyyətlərə hazırlaşmaq lazımdır. Düzgün davranış sayəsində əlverişsiz hava şəraitində mənfi nəticələrini azaltmaq olar. Bununla yanaşı, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına görə, qasırğa və ya ekstremal həratəli havanın yaxınlaşdığnı heç olmasa 24 saat əvvəl öyrənmək olsa, onların zərərini 30 faiz azaltmaq mümkündür.

Yerli əhali daşqın və selin tez-tez baş verdiyi çayları yaxşı tanıyır. Bəzən dırnaqarası cəsurların paylaşdığı bəzi videoçarxlar heyrət doğurur. Çayın kənarında dayanıb seli çəkən bu şəxslər çoşqun axının yolunu gözlənilməz şəkildə dəyişə biləcəyini heç ağıllarının ucundan da keçirmirlər. Çayın məcrasına bilavasitə yaxın yerlərdə ev və ya yardımçı obyektlər tikən kəslərdən isə danışmağına dəyməz. Halbuki bu ərazilər çayın mülkiyyətidir. Son zamanlar bəşəriyyəti daha tez-tez sarsıdan təbii fəlakətlər düşünməyə məcbur edir.

ÜMT-nin məlumatlarına görə, iqlimin dəyişməsindən doğan təbii fəlakətlər təkcə son 10 ildə 410 000 adamın həyatına bais olub, bununla yanaşı, böyük dağıntılara və iqtisadi itkilərə gətirib çıxarıb.

Bax elə buna görə də BMT-nin baş katibi təbii fəlakətlərə uyğunlaşma və dayanıqlıq məsələlərinə dərhal diqqət yetirməyə və onları inkişaf planlarına daxil etməyə çağırır.

Bir çox ölkədə uyğunlaşma sahəsində artıq milli planlar, strategiyalar, çərçivəli proqramlar və qanunlar mövcudur. Misli görünməmiş və öncədən bilinməsi müşkül olan ekstremal təbii halların fövqəladə vəziyyət yaratdığını və iqtiadi inkişafının səviyyəsindən asılı olmayaraq heç bir ölkənin ondan sığortalanmadığını nəzərə alaraq, ölkəmizdə də mümkün riskləri qiymətləndirmək və uyğunlaşma ölçü tədbirlərini işləyib hazırlamaq lazımdır. Bu həm enerji və ərzaq təhlükəsizliyinə, həm də uyğun qurumların fövqəladə vəziyyətlərə reaksiya vermək hazırlığına və əhalini bu barədə mümkün qədər tez məlumatlandırmağa aiddir.

Yeni reallıqlara adaptasiya olunmağa imkan yaradan tədbirlər görmək, potensial riskləri dəyərləndirmək və onlara əvvəldən hazırlaşmaq lazımdır.

Umayra Tağıyeva

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Vəliyevi güllələyən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edildi –

Sonrakı məqalə

Azərbaycanda ən çox qaçqın Əfqanıstandandır –