Azərbaycanın bank sektorunda vəziyyət necədir? –Mərkəzi Bankın sədri danışdı

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayında ölkənin maliyyə bazarının inkişaf strategiyasını təqdim etməyi planlaşdırır.

Azpost.info bildirir ki, bu sözləri AMB sədri Taleh Kazımov AZTV-yə müsahibəsində deyib.

“Hazırda Mərkəzi Bank həm bütün maliyyə sektoru, həm də alt sektorlar – bank sektoru, sığorta və kapital bazarı, ödəniş sistemləri və Fintech sahəsində inkişaf strategiyası hazırlayır. Çox güman ki, gələn ay biz sənədi ictimaiyyətə təqdim edəcəyik”, – deyə T.Kazımov AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün maliyyə sektorunun aktivlərinin 96%-ni banklar, qalan 4%-ni sığorta şirkətləri, bank olmayan kredit təşkilatları (BOKT) və investisiya şirkətləri formalaşdırır.

“Maliyyə sektorunun dayanıqlığı bankların dayanıqlığından asılıdır. Hazırda Azərbaycanın bank sektoru sabitdir. Rəqəmlər bunu təsdiq edir”, – deyə T.Kazımov qeyd edib.

AMB sədri vurğulayıb ki, maliyyə sektorunun əsas riskləri əsasən kredit riskləri, xüsusilə problemli kreditlərin ümumi kredit portfelinə nisbəti ilə bağlıdır, lakin bu istiqamətdə Azərbaycandakı banklarda vəziyyət sabitdir. “Avqustun sonuna olan göstəriciyə əsasən, bu nisbət 3,6% təşkil edib. Müqayisə üçün 2016-cı ildə bu göstərici 21% təşkil edib. Hazırda bank sektorunun kredit portfeli kifayət qədər sağlamdır. Dünya təcrübəsinə baxdıqda, 2020-ci ildə pandemiyanın olduğunu və restrukturizasiyanın həyata keçirildiyini nəzərə alsaq, 3,6% kifayət qədər yaxşı göstəricidir”, – deyə o qeyd edib.

T.Kazımov vurğulayıb ki, hazırda Azərbaycanın bank sektorunda likvidlik problemi yoxdur. “Ani likvidlik göstəricisi 30%-dən aşağı olmamalıdır, lakin bu gün həmin göstərici 60%-dir. Buna görə də bankların kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərdiyini söyləmək olar. Bu, əmanətçilərin depozitlərinin qaytarılması üçün vacibdir”, – deyə sədr qeyd edib.

Kazımov əlavə edib ki, AMB bankların kapital adekvatlığı göstəricisinə nəzarət edir. “Beynəlxalq praktikada bu göstərici 8-10% olduqda normal hesab olunur. Azərbaycanda bu göstərici 18%-ə bərabərdir, bu da kifayət qədər yüksək göstərici olmaqla sektorun dayanıqlığını göstərir”, – deyə o qeyd edib.

AMB sədri bank sistemində dollarlaşma səviyyəsinin daim azaldığını vurğulayıb. “2015-ci ildə bu göstərici 85% idisə, bu gün 37%-dir”, – deyə Kazımov əlavə edib.

Əvvəlki məqalə

“Amerikanın təyyarə gəmisinin İsraildə nə işi var? Nəyə gəlir?” –

Sonrakı məqalə

Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır?