Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə bağlı tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi hazırlıq planına əsasən təşkil olunan tədbirlər birlik və birləşmələrdə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində baş tutub.
Toplantılarda şəxsi heyətə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında müəyyənləşdirdiyi əsas vəzifələr çatdırılıb. Həmçinin müdafiə nazirinin və Baş Qərargahın hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və göstərişləri diqqətə çatdırılıb.
Yeni tədris dövründə hərbi hazırlıq prosesinin daha intensiv və keyfiyyətli təşkil olunması nəzərdə tutulur. Bunun üçün müasir texnologiyalardan və qabaqcıl təlim metodlarından daha geniş istifadə ediləcək.
Təlimlər zamanı 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlarda əldə edilmiş təcrübəyə xüsusi diqqət yetiriləcək. Hərbçilərin müxtəlif iqlim və mürəkkəb relyef şəraitində, həm gündüz, həm də gecə vaxtı müasir silah və hərbi texnikadan səmərəli istifadə bacarıqlarının təkmilləşdirilməsi əsas istiqamətlərdən biri olacaq.
Bundan başqa, ordunun maddi-texniki imkanlarının genişləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadənin artırılması və planlaşdırma prosesinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, həyata keçiriləcək tədbirlər yeni tədris dövründə qoşunların döyüş hazırlığının daha yüksək səviyyədə təşkilinə imkan verəcək.