Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb
Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb.
AzPost bildirir ki, bu barədə IRNA məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
İran XİN rəsmisi iki ölkə arasında ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərə işarə edib. Sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda M.Dəmirçilu iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı faydaya əsaslanan münasibətləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, 2021-ci ildə Prezidentin sərəncamı Əli Əlizadə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri,
eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.
Xatrladaq ki, keçən il də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparmışdı.
“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-nin Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.