Azərbaycanda rus məktəbləri davam etsinmi? AzPost bildirir ki, BBC Azərbaycanca Bakı sakinlərindən bunu soruşub. BBC-nin sualını cavablandıranlar arasında rus məktəblərinin bağlanmasını istəyənlər də var, əksini istəyənlər də.
Sorğuda iştirak edənlərin bəziləri hesab edir ki, şagirdlər nə qədər çox dil bilərsə, o qədər yaxşıdır. Buna görə də rus məktəbləri bağlanmamalıdır.
Bəzi Bakı sakinlərinin fikrincə isə rus dili də ingilis dili kimi ödənişli əsaslarla tədris olunmalıdır. Buna görə də rus məktəblərinin fəaliyyəti dayandırılmalıdır.
Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.