Azercell-dən “innovasiya”- "AYLIQ" adı ilə 28 GÜNLÜK internet təklif edir

Osman Gündüz
Osman Gündüz
Azercell mobil internet tariflərini də dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm, yetərincə bahadır və bu, başqa bir müzakirə mövzusudur. Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir.
Bu, Azercell tərəfindən təklif edilən yeni “innovasiyadır” . Əvvəllər belə hal müşahidə etməmişik.
Nə deməkdir bu?
Adi hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir. Yəni ildə 12 yox, 13 “aylıq” internet paketi alınmış olur. Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.
Azercell bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz. Çünki orada bu sistem yalnız qısa müddətli istifadə – yəni turistlər üçün nəzərdə tutulur. Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur. Azercell-də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq . Anlayıram. Amma, bu 30/28 yanaşması etik deyil axı. Bu, istehlakçının etibarından sui-istifadə etməkdir.
Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır.
Azercell dövlətə məxsus şirkətdir və bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, aidiyyəti qurumlar bu məsələni araşdırmalı, “aylıq” anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidirlər. Ümumiyyətlə, proseslər o qedər sürətlə inkişaf edir ki, hər şeyi izləməyə də zaman çatmır.
Azercell-in “1 manat – 1gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tarif siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil. Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qopartmağa yönəlib. Amma qarşılığnda yeni xidmətlər, yeni innovasiyalar yoxdur. 5G-dən xəbər yoxdur.
Amma qonşu ölkələrin mobil operatorlıarına baxsaq görərik ki, bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xdimətlərdən gəlir əldə etməyə yönəldiblər. Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil.
Azercell-i özəlləşdirməyə çıxarmağın məqamı çoxdan yetişib!
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.