“Azsığorta” Açıq Səhmdar Cəmiyyətində yeni kadr dəyişikliyi baş verib. AzPost xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov şirkətin Direktorlar Şurasının müstəqil üzvü təyin olunub.
İqbal Rüstəmovun peşəkar fəaliyyəti əsasən bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək “Bank of Baku”, “Kapital Bank” və “AFB Bank”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri kimi fəaliyyət göstərir.
O, Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə təhsil alıb. Bundan əlavə, Yale School of Management-in idarəetmə proqramı və IE Business School-un Executive MBA kurslarını bitirib.
Hazırda “Azsığorta” ASC-nin Direktorlar Şurası üç nəfərdən ibarətdir: sədr və müstəqil üzv Viladi Maniyev, üzv Elnur Qurbanov və müstəqil üzv İqbal Rüstəmov.
Qeyd edək ki, “Azsığorta” ASC 2006-cı ildə təsis olunub və 14 milyon manat nizamnamə kapitalına malikdir. Şirkətin səhmlərinin 100 faizi iş adamı Hikmət İsmayılova məxsusdur.