“Azərbaycanda struktur islahatlarına ehtiyac var”-Beynəlxalq Valyuta Fondu proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri (“2021 Article IV Consultation”) yekunlaşdırıb.

“APA-Economics”in verdiyi məlumata görə, BVF-nin sənədində bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası və neft qiymətlərinin enişindən ciddi zərərlə üzləşib, lakin hökumətin böyük yardım paketi şokun iqtisadi təsirini azaltmağa kömək edib. Qeyri-neft iqtisadiyyatının pandemiyadan bərpa olduğu üçün iqtisadi fəaliyyətin 2021-ci ildə yenidən artacağı proqnozlaşdırılır.

BVF-nin proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5% artacaq, 2022-ci ildə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır. Lakin daha təhlükəli COVID-19-un ştamlarının yayılması və/yaxud vaksinasiyanın ləngiməsi iqtisadiyyatın yenidən açılmasını gecikdirə bilər. Qlobal tələbatın gözləniləndən daha asta bərpası neft sektoru üçün də risk yarada bilər.

“Digər tərəfdən, gözləniləndən daha sürətli qlobal bərpa, neft və qaz qiymətlərini yüksəldə, gəlirləri artıra, fiskal və xarici tarazlığı gücləndirə bilər. Neft ehtiyatlarının tədricən tükənməsi fonunda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsi və Azərbaycanın iqtisadi perspektivlərinin gücləndirilməsi üçün sürətləndirilmiş struktur islahatlarına ehtiyac var” ,- sənəddə deyilir.

Beləliklə, BVF-nin İcraiyyə Şurası qeyd edir ki, Azərbaycan üçün yaxın gələcədə əsas çağırış struktur problemlərinin həlli üçün zəmin hazırlayarkən, bərpa prosesini təhlükəyə atmamaq ehtiyacını tarazlaşdırmaqla, COVID-19-la əlaqəli stimullaşdırıcı paketlərin mərhələli şəkildə ləğv edilməsini düzgün şəkildə qurmaqdır. Uzunmüddətli perspektivdə isə Azərbaycanın neft ehtiyatlarının tükənməsi əsas problem yaradır və bu səbəbdən iqtisadiyyat neft gəlirlərindən asılılığını aradan qaldırmalıdır.

Qeyd edək ki, BVF-nin nizamnaməsinin IV maddəsi üzrə sonuncu məsləhətləşmələr 2019-cu ilində aparılıb. 2020-ci ildə sözügedən konsultasiya pandemiya səbəbindən baş tutmayıb.

Xatırladaq ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan ölkə hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir