Dünya su ehtiyatlarının azalması kimi ciddi problemlərlə üzləşib.
BMT-nin məlumatına görə, dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə təhlükəsiz idarə olunan sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Cənubi Asiya, Yaxın Şərq və Böyük Səhradan cənubdakı Afrika da daxil olmaqla, əhalinin sürətli artımı və iqtisadi inkişaf olan regionlarda su sahəsində problem daha kəskindir.
Dünyadakı şirin suyun 69 faizi buz və qar formasındadır. Qlobal istiləşmə nəticəsində Himalay, And və Alp dağlarındakı buzlaqlar kimi mühüm şirin su mənbələri sürətlə əriyir, qar örtüyü isə azalır. Bu, uzunmüddətli dövrdə şirin su ehtiyatlarına çıxışa mənfi təsir göstərə bilər.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilədək hər kəsin təhlükəsiz su və sanitariya xidmətlərinə çıxışını hədəfləyir (6-cı məqsəd). Bu məqsədə suyun idarə edilməsinin təkmilləşdirilməsi və çirklənmənin azaldılması daxildir. Əlavə olaraq, beynəlxalq təşkilatlar və xarici dövlətlər su idarəçiliyini yaxşılaşdırmaq, habelə su sahəsində münaqişələrin qarşısının alınmasını təşviq etmək üçün səy göstərirlər.
Qeyd edilənlərlə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İran, habelə Qazaxıstan və Türkmənistan kimi qonşu dövlətlərdə iqlim dəyişikliyindən, o cümlədən hava temperaturunun artmasından və yağıntı normalarının azalmasından irəli gələn su ehtiyatlarında dəyişmə, su təchizatı və irriqasiya infrastrukturunda mövcud problemlər, müasir texnologiyaların zəif tətbiqi kimi faktorlar ölkəmizdə su ehtiyatlarının formalaşmasına xeyli təsir göstərir.
Azərbaycan Respublikasının bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.
Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənmişdir. Azərbaycanda ümumilikdə 8359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır.
Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bu isə ölkədə suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.
Azərbaycanda 140-dan çox su anbarı vardır. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.
Ölkə ərazisində mövcud olan 700-ə yaxın gölün əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı təxminən 250-dir.
Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumu tutumu bir il üçün 8−9 milyard kubmetr arasında hesablanıb. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.
2020-ci ildən etibarən hər il ölkənin su təsərrüfatı balansı təsdiq edilir. Ölkə üzrə su ehtiyatlarının fundamental qiymətləndirilməsi 1970−1980-ci illərdə aparılmışdır.
Yeraltı sulardan istifadə, əsasən, subartezian və artezian quyuları vasitəsilə təmin edilir. Ölkədə 10 mindən çox subartezian və artezian quyusu istismar edilir. Su quyularının 90 faizdən çoxunda suyun dəqiq uçotunun aparılması ölçmə cihazlarının quraşdırılmaması və mövcud mexaniki cihazların işləməməsi səbəbindən mümkün deyildir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010−2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb.
İllik su təsərrüfatı balansının göstəricilərinə görə, ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır. Su itkilərinin orta illik həcmi təxminən ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları (4,6 milyard kubmetr) qədərdir.
Qiymətləndirmələrə görə, su itkilərinin yaranmasının səbəblərinə əksər suvarma kanallarının torpaq məcralı olması (75 faiz), müasir suvarma sistemlərinin məhdud tətbiqi (5 faiz), içməli su infrastrukturunun köhnəlməsi, fiziki itkiləri və suların dövlət uçotunun mükəmməl olmaması (sayğaclaşmanın başa çatmaması), suların dövlət uçotundan yayınma, nəzarətdənkənar qoşulmalar nəticəsində yaranan kommersiya itkiləri daxildir.
Təhlükəsiz qaydada təmizlənən çirkab suların xüsusi çəkisi 50 faizdən bir qədər artıqdır.
DSK-nin 2022-ci il üzrə məlumatına görə, əhalinin 94,1 faizinin içməli su təchizatı mənbələrinə, 34,4 faizinin tullantı sularının axıdılması sisteminə davamlı çıxışı vardır.
Ölkədə suvarma əkinçiliyinin kənd təsərrüfatı məhsulları istehsalında həlledici rolu vardır. Ümumi suvarılan ərazilər 1,5 mln.ha, suvarmada istifadə olunan su ehtiyatları il ərzində təxminən 7,2 mlrd. kubmetrdir. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin 31,1 faizini təşkil edir. Bitkiçilik məhsullarının istehsalı 90 faiz suvarmalar hesabına təmin edilir.
Ölkə üzrə enerji sisteminin ümumi qoyuluş gücünün 14,6 faizi su elektrik stansiyalarının, 83,4 faizi isə istilik elektrik stansiyalarının payına düşür. Qlobal iqlim dəyişmələrinin regional təzahürləri nəticəsində ümumi elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı 2010-cu ildəki 18,4 faizdən azalaraq, 2023-cü ildə 6,02 faizə enib.
Ümumi gücü 4505 meqavat olan enerji sistemi stansiyalarının soyutma su təchizatı Xəzər dənizi və Kür çayından asılıdır. Son dövrdə baş verən su çatışmazlığı nəticəsində su hövzələrində suyun səviyyəsi xeyli, o cümlədən Xəzər dənizinin səviyyəsi 2 metr, Kür çayının səviyyəsi isə 2,2 metr aşağı düşüb.
Su ehtiyatlarının azalması ilə əlaqədar idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb. Su ehtiyatlarından səmərəli istifadənin təmini üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020−2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək üçünsə Prezidentin 2023-cü il 30 mart tarixli 2074 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
DSK-nin məlumatına görə, ölkədə su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqi səviyyəsi 55 faiz təşkil edir.
Su infrastrukturu davamlı yaxşılaşdırılır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilmiş, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilmiş, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilmiş, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılıb, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib.
İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılıb. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb.
Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür.
Ölkədə su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyi bir sıra risklər yarada bilər.
Azərbaycaın su ehtiyatları məhdud olmaqla yanaşı, mövsüm və ərazi baxımından qeyri-bərabər paylanıb, həcmi isə davamlı azalır. İqlim dəyişmələrinin təsiri və qonşu dövlətlərin ərazisində istifadə üçün suyun götürülməsi nəticəsində ölkənin su ehtiyatları 1980−2023-cü illərdə 26,4 faiz azalaraq 26,2 milyard kubmetr təşkil edib.
Hidrometeoroloji proseslər su ehtiyatlarının azalmasına təsir edib. Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin də azalmasına səbəb olub. 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsinin ildə orta hesabla 11 sm azalması qeydə alınıb.
Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılır.
Gələcək üçün nəzərdə tutulan strategiyaya görə, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısı alınacaq. Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılacaq. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarma suyu təminatı isə 90 faizə çatdırılması planlaşdırılır. Sayğaclaşma səviyyəsinin 100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılması hədəf kimi qoyulub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəyi nəzərdə tutulur.
Qarşıdakı illərdə 28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.
G.HÜSEYNOVA
Yazı MEDİA-nın dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb